STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Əbülfəz Axundov

AXUNDOV Əbülfəz Marlen oğlu 14.03.1961-ci ildə Naxçıvan şəhərində anadan olub və 05.08.2018-ci ildə Naxçıvan şəhərində vəfat edib. Rəssam. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı (2004). Prezident təqaüdçüsü (2018). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir (1981). Azərbaycan Rəssamlar İttifaqının (1987) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvü idi (2012). 1987-ci ildən ömrünün sonuna kimi Çəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşçu rəssam vəzifəsində çalışıb. Teatrda işlədiyi müddətətdə onlarla əsərə səhnə tərtibatı verib. O, Rüstəm İbrahimbəyovun “Ultimatum” (1987), Rəsul Rzanın “Bir gün də insan ömrüdür” (1987), Vaqif Səmədoğlunun “Bəxt üzüyü” (1987), Leonid Juxovitskinin “Şahzadə xanım və baca təmizləyən” (1988), Mövlud Süleymanlının “Dəyirman” (1988), Yıcin O Nilin “Qaraağaclar altında məhəbbət” (1988), Adil Qasımovun “Aylı gecənin qaranlığında” (1988), Oktay Məmmədovun “Bir alov ki, haqdan yanar” (1988), Məmməd Səid Ordubadinin “Beş manatlıq gəlin” (1989), Mirzə Fətəli Axundovun “Hacı Qara” (1989), “Lənkəran xanının vəziri” (2004), Nazim Hikmətin “Qəribə adam” (1989), Cəfər Cabbarlının “Aydın” (1990), Üzeyir Hacıbəyovun “Ordan-burdan” (1990), “Ər və arvad” (1997), Rafiq Səməndərin “Şəhidlər” (1990), Cəlil Məmmədquluzadənin “Anamın kitabı” (1992), “Dəli yığıncağı” (2005,2008), “Qurbanəli bəy” (2000), Anarın “Sizi deyib gəlmişəm” (1992), Həsən Elsevərin “Canlı eksponatlar” (1995), “Koroğlu nəsli” (1998), Həmid Arzulunun “İtilənən xəncərlər” (1996), “Əlincə qalası” (2007), “Ərsizlər və arsızlar” (1999), Nəriman Nərimanovun “Nadir şah” (1997), Rauf İçərişəhərlinin “Arzun çin oldu” (1997), Ramiq Muxtarın “Şəhərli kürəkən” (1989), Nəriman Həsənzadənin “Atabəylər” (1999, 2004, 2008)), “Pompeyin Qafqaza yürüşü” (2002), İsi Məlikzadənin “Hərənin öz ulduzu” (2000), “Gəl qohunm olaq” (2002), Kərim Həsənovun “Sehirli yaylıq” (2001), “Mənim sevimli dəlim” (2002), Hüseyn Cavidin “İblis” (2003), “Səyavuş” (“007), Nəbi Xəzrinin “Atillanın atlıları” (2005), Elman Həbibin “Sahilsiz çaylar” (2005), Mir Cəlal Paşayevin “Dirilən adam” (2006), Səməd Vurğunun “Fərhad və Şirin” (2006), Həsənəli Eyvazlının “Araz sahilində doğan günəş” (2008), Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” (2008) və s. onlarla tamaşalara yadda qalan və maraqlı səhnə tərtibatı vermişdir. Yaradıcılığında emosional-psixoloji xüsusiyyətləri ilə seçilən, zəngin milli rəng koloritininin ağırlıq etdiyi tematik kompozisiyalar üstünlük təşkil edir. Onun: “Göydən üç alma düşdü”, “20 yanvar”, “Faciə”, “Dörd fəsil”, “Doğma Naxçıvanım”, “Batabat” kimi mənzərələrini “Hüseyn Cavid”, “Məhəmmədhüseyn Şəhriyar”, “Hacı Zeynalabdin Tağıyev” kimi portretləri emosional təsir gücü ilə, diqqəti cəlb edir. Əsərləri: Cəlil Məmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyində, Cəlil Məmədquluzadə adına Naxçıvan Musiqili Dram Teatrında, Naxçıvan MR Rəssamlar Birliyində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.