STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Cəmil Müfidzadə

MÜFİDZADƏ Cəmil Miryusif oğlu 24.02.1934-cü ildə Ordubad şəhərində anadan olmuş və 20.12. 2019-cü ildə Bakı şəhərində vəfat etmişdir. Rəssam, qrafik Xalq rəssamı, Professor (2002).1982-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adlarına layiq görülüb. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində (1948-1955), Kiyev Orta Rəssamlıq Məktəbində (1955-1956) və Xarkov Dövlət Rəssamlıq İnstitutunun “Qrafika” fakültəsində təhsil almışdır (1959-1962). Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika” kafedrasına rəhbərlik edən Cəmil Müfidzadə “Ofort” adlı dərsliyin müəllifidir. “Neft” silsiləsinə görə Beynəlxalq Tələbələr İttifaqının iki mükafatından birinə layiq görülmüşdür. Əsasən, qrafik rəssamı kimi tanınan Müfidzadə bu sahədə bir sıra silsilə əsərləri “İçərişəhər”, “Abşeron nefti”, “Xınalıq”, xarici səfərlərin təəssüratları əsasında yaradılmış “Şimal”, “Monqolustan”, “Türkiyə” silsilələrinin müəllifidir. Cəmil Mufidzadə qrafika sənətinin fərqli texnikalarından yaradıcılıqla istifadə edib. Rəssam ksilloqrafiya texnikasında işlədiyi “Bakı albomu” (1962-1966), “Neft daşları” (1965), “Qala divarları”(1966), “Parkda” (1966), “Qız qalası” (1966), “Xəzər üzərində axşam” (1966), “Romantiklər” (1966), “Damda” (1966) və s. əsərlərin adlarını qeyd etmək olar. Rəssamın yaradıcılığında “İçərişəhər” (1965-2000) silsiləsi xüsusi yer tutur. O, qarışıq texnikada işlədiyi ilk dörd əsər 1967-ci ildə Bakıda təşkil olunan respublika sərgisində “Azərbaycanın qədim memarlıq abidələri” adı ilə nümayiş olunub. Cəmil Müfidzadənin qarışıq texnikada çəkdiyi “Abşeron nefti” silsiləsi 1967-1975-ci illəri əhatə edir. Onun yaradıcılığında Azərbaycanın unikal yaşayış məkanlarından Xınalığa həsr etdiyi (1980-1990) silsiləsi mühüm yer tutur. Rəssam “Monqolustan torpağında” (1982-1986) silsiləsində Qobi səhrasının dəvəli mənzərələri geniş yer alıb. Kitab illustrasiyası və ekslibrisi sahəsində çalışmışdır. Respublika, ümumittifaq və beynəlxalq sərgilərdə fəal iştirak etmişdir. Bakıda, Təbrizdə, Moskvada, İstanbulda habelə Polşa və Fransada 9 fərdi sərgisi olmuşdur. 80-dən çox beynəlxalq sərgidə (Avstya, Kanada, Kuba, Yaponiya, Fransa, AFR, İtalya, Ərəb ölkələri və s.) iştirak etmişdir. Əsərkləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Şərq xalqları Dövlət İncəsənət Muzeyində (Moskva), Maksim Qorkinin mənzil-muzeyində (Moskva), Kölndəki P.Lüdviqin muzeyində (Almaniya), Ulan-Bator İncəsənət Muzeyində (Monqolustan), ABŞ, Fransa, Yaponiya, İtalya, Türkiyə, AFR, İran, Finlandiya, və digər ölkələrin şəxsi kolleksiyalarında qorunub saxlanılır.