STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
QURBANOV Həsən Bulud oğlu 14.07.1966-cı ildə Naxçıvan şəhərində anadan olub. Rəssam. Azərbaycan Respublikasının Əməkdar rəssamı (2014). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb (1983-1989). Azərbaycan Rəssamlar İttifaqının (2005) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Əsasən rəngkarlıq sahəsi ilə məşğuldur. Yaradıcılığında özünəməxsus rənq çalarları ilə təsvir etdiyi doğma diyarın füsünkar təbiəti – onun çiçəkli çəmənləri, bərəkətlə bağları, sehirli gölləri və başı qarla örtülmüş vüqarlı dağları əsas yer tutur. 1990-cı ildən bu günə qədər Rəssamlar Birliyinin keçirdiyi bütün sərgilərin fəal iştirakçısıdır. Fərdi yaradıcılıqla məşğuldur. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşuçu rəssam kimi özünü sınamış və teatrın səhnəsində tamaşaya qoyulan Həsən Elsevərin “Qorxu və oyun” əsərinə uğurlu səhnə tərtibatı vermişdir (2000). „Naxçıvan-bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının iştirakçısıdır (2016). Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan-95” “Yurdumun rəngləri” festival-müsabiqəsində rəngkarlıq nominasiyası üzrə II yerin qalibi olmuşdur (2019). Azərbaycan Rəssamlar İttifaqı Vəcihə Səmədova adına sərgi salonda “Naxçıvan naxışları” (2015), Türkiyənin Ankara şəhərində “Azərbaycan rəssamlarının sərgisi” (2016), Iğdır şəhərində və İran İslam Respublikasının Təbriz şəhərində “Naxçıvan Rəssamlarının Sərgisi”ndə Naxçıvan Rəssamlarnı təmsil etmişdir (2018). Əsərləri Almaniya, Fransa, Türkiyə, İran kimi xarici ölkələrdə, Bakı və Naxçıvan şəhərlərində, o cümlədən: İstanbul Basın Muzeyində (2011), Naxçıvan Dövlət Rəsm Qalereyasında və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.