STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Telman Abdinov

ABDİNOV Telman Manaf oğlu. 01.07.1954-cü ildə Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdur. Rəssam – qrafik. Azərbaycan Respublikasının Əməkdar rəssamı (2002). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir (1978). 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2012-ci ildən isə Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür. Rəngkarlıq və qrafikanın bir çox janrlarında əsərlərin müəllifidir. Yaradıcılığında portret janrı mühüm yer tutur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, oftalmoloq alim, Akademik Zərifə xanım Əliyevanın, Məhəmmədhüseyn Şəhriyarın, Xəlil Rza Ulutürkün, Bəhruz bəy Kəngərlinin, Əziz Şərifin, Yusif Məmmədəliyevin, Eynəli bəy Sultanovun, Hüseyn Cavidin, Turan Cavidin,Əkbər xan Naxçıvanckinin, Kalbalı xanın, Əcəmi Naxçıvaninin, Nemətulla Naxçıvaninin, Məhəmməd ağa Şahtaxtinskinin və digər görkəmli şəxsiyyətlərin portretləri emosional təsiri, rəng çalarlarının poetik cazibəsi ilə diqqəti cəlb edir. Tematik kompozisiyalı və təbiət təsvirli əsərləri – “Gənc qız şanapipik ilə”, “Həyəcan yaddaş”, “Bir dövlət iki millət”, “Axşam qələmələri”, “Ay işığında natürmort”, “Dəniz”, “Şahbuzda qış”, “Terrorist gülləsi”, “Goy qurşağı”, “Axşam”, “Batabat”, “Mənzərə”, “Qış”, “Naxçıvan baharı”, “Naxçıvan abidələri” Moskva, Paris, Praqa, Sankt-Peterburq, Yekaterinbuq, İstanbul, Ankara, Bodrum, Ərzurum, Qars, Tehran, Bakı, Naxçıvan şəhərlərində keçirilən sərgilərdə uğurla nümayiş olunmuşdur. 2002, 2004, 2005, 2014, 2019-cu illərdə fədi yaradıcılıq sərgiləri keçirmişdir. O, 2012, 2014, 2016, 2018-ci illərdə “Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalınında da fəal iştirak etmişdir. Əsərləri Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Məmməd Arazın Ev Muzeyi, Cəlil Məmmədquluzadə adına naxçıvan MR Ədəbiyyat Muzeyi, Cəmşid Naxçıvanski Muzeyi, Milli Dəyərlər Muzeyi, Xan Sarayı” Dövlət Tarix-Memarlıq Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Şahbuz Rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Cəlil Məmmədquluzadənin Ev Muzeyi, Naxçıvan Dövlət Xalca Muzeyi, Xatirə Muzeyi, Yusif Məmmədəliyevin Ev Muzeyi, Şahtaxtinskilərin Muzeyi, Məmməd Tağı Sidqinin Ev Muzeyi və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.