STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
MUSTAFAYEV Şəmil Murtuz oğlu 03.08.1929-cu ildə Ordubad şəhərində anadan olmuş və 15.06. 2010-cu ildə Naxçıvan şəhərində vəfat etmişdir (Ordubad şəhərindəki Malik İbrahim qəbirsanlığında dəfn olunmuşdur). Rəssam. Azərbaycan Respublikasının Əməkdar rəssamı (2002). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1951). Azərbaycan Rəssamlar İttifaqının üzvü idi (1970). 1969-cu ildə Naxçıvan MR Əməkdar incəsənət xadimifəxri adına layiq görülmüşdür. 1971-1976-cı illərdə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatının sədri vəzifəsini icra etmişdir. 2009-cu ildə Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Rəssamın yaradıcılığında, Umummillilider “Heydər Əliyevin”, “Akademik Zərifə xanım Əliyevanın”, “Məhəmmədhüseyn Şəhriyarın”, “Səttarxanın”, “Bağırxanın”, “N.Rəfiyevin”, “A.Quliyevin”, “Hüseyn Cavidin” “Məmməd Səid Ordubadinin” və digərlərinin portretləri əsas yer tutur. Naxçıvanın tarixi abidələrini, mənzərələrini təsvir edən çoxlu sayda əsərləri var. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrnda Sabit Rəhmanın “Xoş gəlmisiniz” (1948), “Xoşbəxtlər” (1949, 1950), Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” (1949), Zeynal Xəlilin “Səadət çeşməsi” (1948, 1949), Tələt Əyyubun “Laçın” (1948), Üzeyir Hacıbəyovun “Əsli və kərəm”(1948), Abdulla Şaiqin “Fitnə”, (1949), Hüseyn Muxtarovun “Ailə namusu”(1949, 1952), Məhəmmədhüseyn Təhmasibin “Bahar” (1949), Asəhməd Tokayevin “Adaxlılar” (1950), Süleyman Sani Axundovun “Dağlarda” (1950), Cəfər Cabbarlının “Solğun çiçəklər” (1951), “1905-ci ildə” (1953), Hüseyn İbrahimovun “Torpaq təslim olur” (1951), Novruz Gəncəlinin “Düşmənlər arxasında” (1952), Nikolay Qoqolun “Evlənmə” (1952) və s. tamaşalara səhnə tərtibatı vermişdir. Əsərləri Türkiyə, İran, Moskva, Kiyev, Alma-ata, Tblisi şəhərlərində, Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Məmməd Səid Ordubadinin Ev Muzeyi və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.