STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

İbrahim Safi

İBRAHİM Safi (əsl adı və soyadı Rəhman Qafar oğlu Şəfiyevdir) 1898-ci ildə Şərur rayonunun Cəlilkənd kəndində anadan olub və 04.01.1983-cü ildə İstanbul şəhərində vəfat edib. Rəssam-impressionist. İlk təhsilini Cəlilkənd məktəbində almış, sonra İrəvan Müəllimlər Seminariyasında oxumuşdur (1914-1916). Bədii yaradıcılığa erkən zamanlarda başlamış, 12 yaşında ikən “Araz balıqçıları” və  “Anamın portreti” adlı ilk rəsmlərini çəkmişdir. Moskva Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbinin hazırlıq şöbəsinə daxil olmuşdur (1916). Rusiyada baş verən İnqilabdan öncə təzadlı hadisələrdən təsirlənərək Naxçıvana qayıdır (1917). Türkiyənin Qafkazdakı ordusuna qoşulub Naxçıvan, Aza, Zəngilan döyüşlərində baş leytenant rütbəsində iştirak edib (1917). Türkiyənin Qafqazdakı ordusu ilə Türkiyəyə gedir (1918). Batumda səkkiz ay, Samsunda yeddi ay Milli İstiqlal Savaşında iştirak edib (1918-1920). 1920-ci ildə ordudan təxris olunaraq, İstanbul Tütün fabrikində çalışır. Türkiyədə keçirilən Avropa rəssamları müsabiqəsinin qalibi olur (1920). 1923-cü ildə İstanbul Sanayi Nefse Məktəbini (bu günkü Memar Sinan İncəsənət Universiteti) bitirir. 1924-cü ildə Türkiyədə keçirilən sərgi və müsabiqələrdə mütamadi olaraq iştirak etmişdir. 1924-1925-ci illərdə Türiyə tarixinin görkəmli şəxsiyyəti olan Mustafa Kamal Atatürkün iki dəfə naturadan portretini çəkmişdir. 1929-1930-cu illərdə yaradıcılığını, Türkiyənin görkəmli rəssamı Namık İsmayılın emalatxanasında qonaq-tələbə kimi davam etdirmiş, ənənəvi türk boyakarlığının sirlərinə də yiyələnmişdir (Rəhman Səfiyev olaraq). 1935-ci ildə Türkiyədə qəbul olunmuş qanuna əsasən və “rəhman” adı dinlə qadağan olunmuş adlar siyahısında olduğolduğundan, ad və soyadını İbrahim Safi olaraq dəyişdirir və vətəndaşlığı qəbul edir. 1939-1942-ci illərdə 44 yaşında baş leytenant rütbəsində müharibəyə qatılmışdır. 1946-cı ildən Türkiyədə fərdi sərgilər təşkil etmiş və qarışıq sərgilərin fəal iştirakçısı olmuşdur. 1950-ci ildə yaradıcılığında rus realizmi və fransız rəssamlarına xas impressionizm aşkar hiss olunur. 1953-cü ildə 55 yaşında yunan əsilli Zaxarina (Zaxaro) adlı qadınla ailə həyatı qurur. O zamana dək, Zaxarinanın öz övladları və nəvələri var idi. Safinin öz övladları olmamışdır. 1955-1966-cı illərdə 11 il Avropada yaşamış, qərbi avropa incəsənətini öyrənmişdir. Cenevrə, Zürix, Münhen, Köln, Frankfurd və Afina şəhərlərində yaşamış, fərdi sərgilər keçirmişdir. 1967-ci ildə Fransanın Marsel şəhərində səkkiz fərdi sərgi açmışdır. Dövlət tərəfindən Roma və Vyanaya yaradıcılıq ezamiyyətlərinə göndərilmişdir. 1960-1970-ci illərdə Rəssamın əsərlərində impressiyanın gətirdiyi rəng və parlaqlıq güclü hiss olunduğu dövrlərdir. 1975-1980 illərdə rəssam görmə qabiliyyətini itirir. 1983-cü il, 4 yanvar tarixində, Türkiyənin İstanbul şəhərində, Odakule iş mərkəzinin sərgi salonunda keçirilən 100-cü sərgisi zamanı vəfat etmişdir. Türkiyədə postimpressionismin də layiqli nümayəndəsidir. Müxtəlif sənət cərəyanlarına, təzadlı rəssamlıq üslublarına yaxından bələd olan İ. S. yaradıcılığında realizmə üstünlük vermiş, dünya incəsənətinin mütə­rəqqi ənənələrini davam etdirmişdir. Boyakarlığın müxtəlif janrlarında çoxlu tablo, o cümlədən mənzərələr “Otel parkı tərəfdən Bursa şəhərinin görünüşü”, “Anadolu sahilinin görünüşü”, “Qarxana rayonu”, “Sultaniyyə məscidindən bir görünüş”, “Mənzərə” və s. Natürmortlar: “Gül vazası”, “Mavi vazada güllər” və s. Portretlər: “Qara geyimli nəməlum qadın”, “Çəhrayı şarflı adam”, “Cümbüşcü Hafiz”, “Zərrux xanım” və s. əsərlər yaratmışdır. Bəzi mənzərə və natürmortların şux, şəffaf koloriti, rənglərin oynaqlığı onu fransız impressionistlərinə yaxınlaşdırır, impressionizmin naturaya gətirdiyi işığa, parlaqlığa, kolorit gözəlliyinə aludəçiliyini göstərir . Onlardan “Burqaz adası tərəfdən Anadolu sahillərinin görüntü”, “Bursa dağında düzənlik”, “Bosfordan bir mənzərə”, “Qış mənzərəsi”, “Anadolunun görünüşü” və s. göstərmək olar. Əsərlərində bir çox ölkələrin səfər təəssüratları əksini tapmışdır. Türkiyə, Fransa, Avstriya, ABŞ, İsveçrə və s. ölkələrdə fərdi sərgiləri nümayiş etdirilmişdir. Mənzərə, portret və natürmortlardan ibarət bəzi əsərlərini Azərbaycan Dövlət Milli İncəsənət Muzeyinə və  Nizami adına Azərbərbaycan Milli Ədəbiyyat Muzeyinə bağışlamışdır. Bir neçə əsəri isə 1989-cu ildə Bakıda keçirilən “Əzizim vətən yaxşı...” sərgisinin ekspozisiyasına daxil edilmişdir. Əsərləri Türkiyədə və dünya muzeylərində, o cümlədən şəxsi kolleksiyalarda qorunub, saxlanılır. İ.S dogma yurdu Naxçıvanı da öz əsərlərində yaddaşında canlandırdığı kimi əks etdirmişdi. Onlardan bir çoxunu rəssamın vəfatından sonra, həyat yoldaşı özü ilə Afinaya aparmışdı. Rəssam, həyatı boyu 10 000 dək əsərin müəllifi olmuşdur.