STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Bəhruz Kəngərli

Bəhruz bəy Kəngəril

(Şamil) Şirəli bəy oğlu 22.01.1892-ci ildə Naxçıvan şəhərində anadan olmuş və 07.02.1922-ci ildəhəmin şəhərdə vəfat etmişdir. Rəssam, rəngkar və qrafik. Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığınm təşəkkülü, portret və mənzərə janrlarının formalaşması Kəngərlinin adı ilə bağlıdır. Uşaq ikən ciddi xəstəlik keçirən Kəngərli ağır eşitdiyindən ümumtəhsil məktəbinə gedə bilməmiş, rəssamlığa meyl göstərmişdir. Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq məktəbində oxumuşdur (1910-15). Kəngərlinin rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin” jurnalının böyük rolu olmuşdur. Yaradıcılığının ilk dövründə müəllimi-mollanəsrəddinçi rəssam O.Şmerlinqin və tələbə yoldaşı L.D. Qudiaşvilinin portretlərini çəkmiş, karikatura və satirik rəsmlər, mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və rəngkarlıq əsərləri yaratmışdır (“Qoca kişi”, “Toy”, “Elçilik” və s.). 1914 ilin iyununda rəssamın Naxçıvandakı ilk böyük sərgisi və orada göstərilən rəsmləri həmyerlilərini heyran etmişdi. O vaxt “İqbal” qəzeti yazırdı: “Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır”.

Kəngərlinin zəngin bədii irsi qalmışdır. Cəmi 7 il  müstəqil yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa möhlət tapmış Bəhruz bəy Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır. O, realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort və s. çəkmişdir. Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri (“Yaşlı kişi”, “Gürcü” və s.), mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən “Qaçqınlar” silsiləsinə daxil olan portretlər canlılığı, reallığı və psi­xoloji ifadəliliyi ilə fərqlənir. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun mənzərələrində təbiət gözəllikləri (“Şəlalə”, “Dağlıq mənzərə”, “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza “, “Yamxana kəndinə gedən yol” və s.), mədəniyyət abidələri (“Möminə xatın türbəsi”, “Əshabi-kəhf dağı”, “Nuhun qəbri”), ilin fəsilləri (“Payız”, “Bahar”) əks olunmuşdur. Bəhruz  bəy Kəngərli 1918-20 illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır. Bu silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Qaçqın Cümşün”, “Ayaqyalın qaçqın oğlan” və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. O, portret ustası kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb göstərə bilmişdir. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirmişdir.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-20) Bəhruz Kəngərli yaradıcılıqdan qalmır, boyakarlıq və qrafika əsərləri yaradır, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti sevdirmək üçün xüsusi dərnək açır, fərdi sərgilərini təşkil edirdi. 1921 ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilmişdir. Əsərləri R.Mustafayev ad. Azərbaycan Mili İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskvada Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır. Kəngərli həm də milli teatr rəssamlığının banilərindəndir. 1910-cu illərdə Naxçıvan teatrında “Ölülər” (C.Məmmədquluzadə), “Hacı Qara” (M.F.Axundzadə), “Pəri-cadu” (Ə.Haqverdiyev) tamaşalrına bədii tərtibat və geyim eskizləri vermişdir. A.Babyevin “Yarımçıq şəkil” pyesi Kəngərliyə həsr olunmuşdur. Naxçıvan MR Rəssamlar Birliyinin Sərgi salonu və Şərur İncəsənət məktəbi Kəngərlinin adınadır. Naxçıvan MR Ali Məclisinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” qərarına (2001, 22 may) əsasən, Naxçıvan şəhərində muzeyi yaradılmışdır. Qəbirüstü abidəsi ucaldılmışdır. Bəhruz Kəngərli adına Rəssamlar Parkı qurulmuş, heykəli qoyulmuşdur.