STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Şamil Qazıyev

QAZIYEV Şamil Həsən oğlu 30.03.1908-ci ildə İrəvan şəhərində anadan olmuş və 13.07.1980-ci ildə Bakı şəhərində vəfat etmişdir. Teatr rəssamı. Əməkdar incəsənət xadimi (1944). Bakı Rəssamlıq Məktəbini bitirmişdir (1929). Naxçıvan Pedaqoji Texnikumunda müəllim (1929-1932), “Kommunist” (Bakı) qəzetində rəssam (1932-1934) işləmişdir. 1934 ildən “Şərq qapısı” qəzetinin baş rəssamı, eyni zamanda C.Məmmədquluzadə ad. Naxçıvan Musiqili Dram Teatrının baş rəssamı (1934-1948) olmuş, burada 120-dən çox tamaşaya (“Şeyx Sənan”, H.Cavid; “Leyli və Məcnun”, Ü.Hacıbəyov; “Aydın”, “Od gəlini”, C.Cabbarlı; “Vaqif’, “Fərhad və Şirin”, S.Vurğun; “Qaçaq Nəbi”, S.Rüstəm; “Həyat”, M. İbrahimov; “Otello”, “Hamlet”, U.Şekspir və s.) bədii tərtibat vermişdir. SSRİ Rəssamlar İttifaqının üzvü idi (1940). 1940-1941 illərdə Naxçıvan Rəssamlıq Məktəbinin direktoru olmuşdur. 1948 ildən ömrünün sonunadək “Azərbaycan gəncləri” qəzetində rəssam işləmişdir. Qrafik əsərlərin, etüd, natürmort, portret və s. əsərlərin müəllifidir. Onun “Çoban” portreti Tretyakov qalereyasında (Moskva) saxlanılır (1931; SSRİ rəssamlarının 1931 ildə Tiflisdə keçirilən səyyar sərgisində nümayiş etdirilmişdir) . Yaradıcılığnda Naxçıvanın tarixi, təbiəti, həyat və məişəti ilə bağlı əsərlər əsas yer tutur (“Köhnə Naxçıvan”, “Əlincəqala”, “Qaçqınlar”, “Xıncov məhəlləsi”, “Beş qardaş dağı”, “Çörəkbişirənlər”, “Qalayçılar”, “Hamam”, “Çarıq tikənlər”, “Nalbənd” və s.). 1978-ci ildə Naxçıvanda fərdi sərgisi keçirilmişdir. Əsərləri Moskvadakı Tretyakov Qalereyasında, Naxçıvan Dövlət Tarix Muzeyində,  Naxçıvan Dövlət Rəsm Qalereyasında, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır saxlanılır.