STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Tural Həsənli

HƏSƏNLİ Tural Əli oğlu 20.09.1987-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Rəssam. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri İncəsənət və Rəsmxət müəllimi ixtisasında təhsil almışdır (2008). Azərbaycan Rəssamlar İttifaqının (2010) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Türkiyənin Van şəhərində “100-cü il Universiteti”ndə (2006) və həmin il Naxçıvan Dövlət Universitetində fərdi sərgisi olmuşdur. “Narkomaniya əsrimizin bəlasıdır” respublika rəsm müsabiqəsində III (2004), Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Muxtariyyətin intibahı 1995-2014” yaradıcılıq müsabiqəsində II yerin qalibi (2014) və IV “Molla Nəsrəddin” Beynəlxalq Karikatura müsabiqəsində xüsusi beynəlxalq mükafat almışdır (2011). “Naxçıvan - bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalında iştirak etmişdir(2014). 2004-cü ildən həm respublika, həm də, xaricdə keçirilən sərgilərdə aktiv iştirak edir. Naxçıvanda, Bakı şəhərində “Xocalı soyqırımı” respublika sərgi müsabiqəsində (2011), “Təsviri sənətdə nar obrazı” adlı müsabiqə sərgisində (2012),  “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin, “Yves-Rocher” firmasının və “Vienna Art Center Baku” təşkilatının dəstəyi ilə Odlar Yurdu Universitetində təşkil olunmuş Azərbaycanın gənc rəssamlarının əsərlərindən ibarət “Kompromis” adlı sərgidə (2014), “CATEC-2014” Beynəlxalq Su sərgisində (2014), V.Səmədova adına sərgi salonunda təşkil olunmuş “Naxçıvan rəssamları - 90” sərgisində (2014) və “Art-Energy-20” müsabiqəsində fəal iştirak etmişdir (2014). O, bir gənc rəssam kimi Naxçıvanı xarici ölkələrdə də, layiqincə təmsil etmişdir. O cümlədən, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinə həsr olunmuş Rusiya Federasiyasının paytaxtı Moskva və Novosibirsk şəhərlərində keçirilmiş xatirə sərgisində (2007), İran İslam Respublikasının Gürgan şəhərində XVI Beynəlxalq Vizual İncəsənət Festivalında (2009) və Türkmənistanın paytaxtı Aşqabad şəhərində Azərbaycan Mədəniyyəti günlərində Azərbaycan rəssamlarının sərgisində Naxçıvanı təmsil etmişdir (2009). Eyni zamanda O. bir çox loqoların:  “Araz-Naxçıvan” futbol kulubunun, Naxçıvan Dövlət Universitetinin (Ülviyyə Həmzəyeva ilə həmmüəllif), “Naxtel” IV nəsil operatorunun və Naxçıvan Futbol Federasiyasının loqolarının müəllifidir. Əsərləri: Naxçıvan Dövlət Rəsm Qalereyasında və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.