STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Həbib Allahverdiyev

ALLAHVERDİYEV Həbib Rəşad oğlu 04.04.1985-ci ildə Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdur. Rəssam. Naxçıvan Dövlət Universiteti İncəsənət Fakültəsinin Təsviri İncəsənət Rəsmxət və Əmək təlimi müəllimi ixtisası üzrə bakalavr pilləsini bitirmişdir (2003-2007). Azərbaycan Rəssamlar İttifaqının (2011) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Yaradıcılığında mənzərə və natürmort janrları üstunluk təşkil etsə də, bir çox uğurlu portret və tematik kompozisiyaları da vardır. Onun “Leyləklər”, “Yasəmənlər”, “Külüs mənzərəsi”, “Xocalı”, “Qız portreti” “Qovunlarla naturmort”, “Narlar” və s. bu kimi əsərlərini misal göstərmək olar. 2005-ci ildə Naxçıvan Dövlət Universiteti fərdi yaradıcılıq sərgisi olmuşdur. Respublikamızda və Türkiyənin müxtəlif şəhərlərində keçirilən bir çox sərgi, müsabiqə və festivallarda iştirak etmişdir. Bakı şəhərində keçirilən "Naxçıvan-90" sərgisi (2014), I İstanbul Beynəlxalq rəsm festivalı (2016), II Mersin Beynəlxalq rəsm festivalı (2016), “Naxçıvan-bəşəriyyətin beşiyi” III, IV və V Beynəlxalq Rəsm Festivalı (2016, 2018, 2021), Adana II Beynəlxalq Türk dünyası rəsm festivalı (2018), Fethiye I və II "Dənizlərimiz və Rənglərimiz" sualtı rəsm festivalı (2018, 2019), Türkiyə Didim "X Wiacamp" rəsm festivalı (2019), Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan-95” “Yurdumun rəngləri” festival-müsabiqəsində iştirak etmişdir (2019). Əsərləri Naxçıvan Dövlət Rəsm Qalereyası, Naxçıvan MR Rəssamlar Birliyi, Türkiyənin İstanbul, Mersin, Adana, Fethiye, Didim şəhərlərində ki muzey və qalereyalarda və şəxsi kolleksiyalarda qorunub saxlanılır.