STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

İBRAHİM SAFİ: RƏNGLƏRİN VƏ İŞIĞIN HAKİMİ “DOĞULDUĞUM TORPAĞIN HƏSRƏTİ MƏNİ HEÇ VAXT TƏRK ETMƏYƏCƏ”

İBRAHİM SAFİ: RƏNGLƏRİN VƏ İŞIĞIN HAKİMİ “DOĞULDUĞUM TORPAĞIN HƏSRƏTİ MƏNİ HEÇ VAXT TƏRK ETMƏYƏCƏ”

Bu Gün Azərbaycanda milli mədəniyyətimizə o cümlədən incəsənətin bütün sahələrinə böyük diqqət və qayğı göstərilir.

Azərbaycan xalqının mədəniyyətini ucaltmış, xalqın incəsənətinə böyük töhfələr vermiş
sənətkarlar tədqiq olunur, qiymətləndirilir və tanıdılır.Türkiyə və Azərbaycan xalqları arasındaki birlik və əlaqə, çox qədim zamanlardan həyatın bütün sahələrində özünü göstərir. Bu əlaqələr müxtəlif sferalarında daha
da intensiv xarakterli olmuşdur. Rəssamlıq sahəsində isə daha da önəmli qarşılıqlı inteqasiyalara rast gəlmək olar. Bu sahədə əlaqələr orta əsrlərdən bəri davam etməkdədir. Eyni kökdən gələn iki xalqın bütün sənət nümunələrində, inanc, mədəniyyət, mifoloji görüşlər son dərəcə qabarıq və açıq ifadə olunur. Bu əlaqələr son dövrlərə qədər uğurla inkişaf etmiş və zəifləməmişdir. Azərbaycanlı memar və sənətkarların Türkiyədəki ilk sənət fəaliyətləri XII yüz illikdən bəri götürülür. Bir çox sənət nümunələrində saray, cami, türbə, sivil binaların inşaasında, bəzədilməsində azərbaycanlı sənətkarlar fəal iştirak etmişlər. Azərbaycan sənətkarları arasında Babacan Usta, Mehemməd Məcnun, Pir Həsən, Nəqqaş İlyas Əli, Memar Əli, Əli Təbrizi və digərlərinin adlarını sadalaya bilərik. Azərbaycan İpək Yolu üzərində önəmli bir coğrafi mövqeyə sahib olduğundan, sənət və ticarət dünyasına gətirdiyi yenilikləri, rənglərin və ornamental həllin harmoniyasını açıq görmək olur. Azərbaycan rəssamları sıralaranda həyatın qisməti ilə dünyanın bir çox yerlərinə atılan, təzadlı və keçməkeçli həyat yaşayan sənət adamlarımız az deyil. Onların arasında vətən həsrəti ilə qürbət ölkələrdə dünyasını dəyişənlər də var. Bu sözləri Türkiyə mədəniyyətində və incəsənətində böyük rolu olan, orada yaşayıb-yaradain , Türkiyə incəsənətini dünyaya tanıdan Ibrahim Safiyə (Rəhman Qafar oğlu Safiyev) aid etmək olar.
İbrahim Safi, 1898-ci ildə Naxçıvanın Şərur mahalında dünyaya göz açmış, köklü bir nəslin nümayəndəsi olmuşdur. Atası Qafar bəy oğluna Rəhman adını qoymuşdur. Atası sanki gələcəkdə oğlunun əziyyətli həyatını görər olmuş və bu adla Rəhmanı Allaha əmanət etmişdir. Qafar bəy Safiyev, o dövrün savadlı, bədii ədəbiyyatı sevən, Şərq klassiklərinin əsərlərini oxuyan, sözü və yazdığı şerləri ilə İbrahimin qəlbində rəssamlığa, incəsənətə qarşı ilk qığılcımları oyadan insan olmuşdur desək, yanılmarıq. Rəhman (İbrahim) üç yaşında ikən atası vəfat etmişdir. Anası Hürnisə xanım isə sadə, evdar qadın idi. Anası ilə birgə olsa da, uşaq qohumlarının himayəsində böyümüşdür. Rəhman Safiyev (İbrahim Safi) ibtidai təhsilini, vaxtı ilə görkəmli ədib - dramaturqumuz Cəlil Məmmədquluzadənin müəllimlik etdiyi Baş Noraşen (indiki Cəlilkənd) məktəbində almışdır.
Balaca Rəhman (İbrahim) kiçik yaşlarından rəsmə həvəs göstərmiş, 12 yaşında ikən ilk rəsimlərini “Araz balıqçıları” və anasımın portretini rəsm etmişdir. Rəhman Safiyevin (İbrahim Safi) Kərim adında qardaşı, Qədirnisə, Xırdaxanım, Siyəmən və Mina adında dörd bacısı olmuşdur. Məktəbi bitirəndən sonra, öz
arzularını reallaşdırmaq üçün təhsilini davam etdirmək qərarına gəlir. İrəvan müəllimlər seminariyasında oxuyarkən onun rəssamlığa xususi meylini və istedadını seminariyanın rəsm müəllimi, rumıniyalı rəssam Koltsa (soy adı bilinmir) görür və onu bu yola yönəldirdi. Seminariyada oxuduğu zaman artıq rəssam olacağına qərar verən Rəhman (İbrahim), İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra, 1913- cü ildə İncəsənət İnstitutuna daxil olmaq üçün, iki il oradakı mütərəqqi tədris metodu ilə seçilən Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbinin hazırlıq şöbəsində təhsil alır. Qeyd edək ki, həmin dövr “Qara kvadrat”ın müəllifi Kazimir Maleviç də məhs bu təhsil ocağında tədris edirmiş. Maraqlıdır ki, rəssamın sonrakı sənət metodunun formalaşmasına məşhur suprematizm cərəyanı təmsilçisinin təsiri olmamışdır. Lakin, bəlkə də eksperemental olaraq rəssamın imzası ilə üç ədəd avanqard üslubda rəsmi mövcuddur. Gənc rəssam, o dövr rusiyadakı siyasi hadisələrindən təsirlənərək təhsilini yarımçıq buraxıb Naxçıvana, doğma diyara qayıdır. Həmin illərin çətinlikləri rəssamdan da yan keçmir. Belə ki O, Şərurda rəsm çəkərək, çörək pulu qazanmaq məcburiyyətində olur.Rəhman Safiyev (İbrahim Safi) əsl Vətənpərvər bir gənc kimi, həmin dövrdə könüllü olaraq erməni işğalçılarına qarşı. Vətənini qorumaq üçün özü kimi igid azərbaycan övladları və türk əsgərlərinin köməyi ilə Vətənin müdafiəsinə qalxaraq, Qafqaz-İslam Ordusunun tərkibində, Zəngəzur döyüşlərində könüllü olaraq ermənilərə qarşı vuruşmuşdur. (Babası Nəsrullah xan ermənilər tərəfindən qətlə yetirilərək oldürülmüşdür) I Dünya müharibəsi illərində Zaqafqaziyadakı ordunun tərkibində, (Karabəkir Paşanın ordusu ilə) Türkiyəyə gəlir və həyatını burada, Türkiyədə qurmalı olur. Bu andan ailəsi ilə əlaqəsini itirir. (Bu dövr qardaşı Kərim bəy, anasıyla Gəncəyə, sonra isə Lənkarana köçür. Məlumata görə qardaşı Gəncə Malyariya Stansiyasında müdir olaraq çalışır. 1951-52 ci illərdə Hürnisə xanım, Lənkaranda vəfat edir). Beləliklə, Rəhman Safiyev (İbrahim Safi) qürbət elin nəbzini tutmaq üçün, önəmli addımlar atır və ilk olaraq İstanbulda Gözəl Sənətlər Akademiyasına daxil olur və 1923 - cü ildə buranı bitirir. Qeyd edək ki, Türkiyənin məhşur rəssamı Namıq İsmayıl da bu akademiyada təhsil almışdır. Qismət elə gətirir ki, Rəhman (İbrahim) təhsilini bitirdikdən sonra Namıq İsmayılın emalatxanasınd müsafir tələbə olaraq çalışır. Emalatxanadan verilən “ müsafir tələbə mükəlləfiyət vərəqəsi ” ndə 0Rəhman Safiyev kimi qeyd olunur.. Həyatı heç də rahat olmayan Rəhman (İbrahim), Türkiyədə bir çox sənət adamları ilə taniş olur və rəssamlar cəmiyəsində dəyərli dostlar əldə edir.


1924-cü ildən etibarən sərgilərdə iştirak etməyə, tanınmağa başlayan rəssam, II Dünya muharibəsinin başlanması ilə hərbi xidmətə çağrılır. Orduda (Adapazarında,üsteğmen) baş leytenant olaraq qulluğunu rütbəli zabit olaraq tamamladıqdan sonra həmişəlik İstanbulda məskunlaşır və həyatını sənətə bağlayır.
Türkiyə vətəndaşlığına keçərkən Rəhman Safiyev, adını İbrahim Safi olaraq yazdırır, çünki Rəhman adı dinlə qadağan olunur. Burada O, uzun müddətdən sonra 1953-cü ildə 55 yaşında olarkən, əslən Yunan olan Zaxarina adlı, nəvələri olan xanımla ailə qurur. Dostu Naci Terzi bu evlilik haqqında sonralar bu sözləri deyir, “ O vaxt rəssamların maddi vəziyyəti olmadığına görə onlara qız verən kim idi? Zaxarina, Safini sevən insanları xoşlamırdı, bizim onunla görüşməyimizə mane olmağa çalışırdı. Ancaq İbrahim Safi həmişə mənimlə yaxın ünsiyyətdə olub, hara getsə 0mənə məktublar yazırdı. Zaxarinayla ara bir Afinaya gedərdilər...Nə vaxt evinə getsəydim, görürdüm ki, Safi rəsm çəkir...“. Safi deyirdi “Həyatımda rəsm çəkmədiyim gün olmamışdır, rəsm etmədiyim gün isə yaşamadığım gündür”.


İbrahim Safinin özünə məxsus bir xususiyyəti də var idi. O, məktub yazarkən, məktubda mövzuya uyğun olaraq və ya içindən gələn rəsmi, cızma-qara edərdi.Türkiyədə tanınmış rəssamlar İbrahim Çallı və Namık İsmayilin emalatxanasındaözünü doğruldan İbrahim Safi, rəssamların bir çoxuna nəsib olmayan, tarixə düşəcək hadisəyə imza atır. O, iki dəfə Atatürkün naturadan portretini çəkir. Türk tarixinin şanlı səhifələrini və qəhrəmanlarını öz tablolarında yaşadan rəssam, bu portretdə dahi şəxsiyyətin obrazını sənətkarlıq kamilliyi ilə yanaşı, tarixi gerçəkliyi də inandırıcı şəkildə ifadə edə bilib. İbrahim Safiyev türk rəsm sənəti tarixində özünəməxsus tərzi ilə tanınaraq, türkiyə rəssamlığına yeni nəfəs gətirir. İbrahim Safi yaradıcılığında XIX əsr rus realistlərinin,” Səyyar rəssamların” ideya platformasında dayanmış, onların yaradıcılıq prinsipinə sadiq qalmışdır. İbrahim Safi deyirdi:“ Təbiətə çıxmadan, yaşıllığı, dənizin rəngini, hərəkətini görmədən, qoxsunu almadan, insanların hərəkətini, üz ifadələrini görmədən rəsm çəkilməz, çəkilənlər isə ruhsuz olar.”


Belə ki, rəssam öz sənəti ilə, həyatın, təbiətin , insanların gözəlliyini tərənnüm edir, qarşısında qoyduğu məqsədə nail olmaq üçün sənətinin ən təsirli ifadə vasitəsindən, realizmdən istifadə etmişdir, eyni zamanda fransız
impressionistlərinin mütərəqqi cəhətlərinə biganə olmamışdır. O sərbəst impressionizm üslubunda əsərlər yaradır, impressionizm üslubunun palitraya gətirdiyi işığa, parlaqlığa kolorit gözəlliyinə aludə olmuşdur. Safi rəngləri, güclü yaxılarla, cəsarətlə işlədir, onun texnikası dinamik və təsirli olmuşdur.
Sənətşünas Suleyman Arisoyun yazdığına görə “İbrahim Safinin əsərlərini seyr edənlər lirik və ya romantik hisslərə qapılır, həyacan keçirirlər”.


İbrahim Safi muasir türk rəssamları Hikmət Onat, Şərəf Akdik, Vəcih Bərəkətoğlu, Naci Kalmıkoğlu, Zəki Qocəməm, Namık İsmayıl və başqaları kimi türkiyə realizm məktəbinə mənsub olan bir rəssamdır. İbrahim Safi türk realistlərindən Naci Kalmıkoğlu (kalmık mənşəlli rus rəssamı Nikolay Kalmıkov) ilə daha yaxın idi və onun sənətini sevir, yüksək qiymətləndirirdi və onunla sənət cəbhəsində birgə dururdu. O, dostu ilə birgə Nişantaşı bölgəsində, zədagan köşklərinin divarlarına freskalar işləyir, interyer dizaynı ilə məşğul olurdular. Qazandıqları vəsait ilə rəng və kətan alardılar. Türkiyənin qocaman, kolleksiyaçılarından, dostu Naci Tərzi xatirələrində İbrahim Safini anaraq deyirdi, “Ömrünün axırlarına yaxın mənə ağlaya-ağlaya dedi ki, Naci bəy, mən özümü xoşbəxt hiss etmirəm. Naci (Naci Kalmikoğlu) ilə pulumuz olmazdı, çörəyin arasında balıq yeyərdik, onda çox xoşbəxt idim. İndi maddi cəhətdən heç bir problemim yoxdur, xəstəliyimi də vecimə almıram, ancaq xoşbəxt deyiləm...Çünki doğulduğum torpağın həsrəti məni heç vaxt tərk etmiyəcək”. 1946-cı ildən sonra rəssamın yaradıcılığının ən məhsuldar dövrü başlayır. Türkiyədə tanınmış rəssam olmağına baxmayaraq, daim axtarışlarda olan rəssam, iki il Münhendə olmaqla bərabər, onbir il Avropa ölkələrində yaşamış və ərsəyə gətirdiyi əsərləri ilə bir çox sərgilər açaraq, öz adını ölümsüzlər sırasına yazdıra bilmişdir. Öz yaradıcılığı ilə fərqlənən rəssam, Türkiyə dövləti tərəfindən Roma və Vyanaya göndərilir. Görkəmli sənətkar bu ölkələrdə də fərdi və qarışıq sərgilərdə iştirak edir, özünün və əsərlərinin dəyərini artırır. 1967-ci ilə qədər sadəcə Marsiliyada səkkiz fərdi sərgi açan rəssam, klassik rəsm üslub düşüncəsini dəyişdirərək miniatür və primitivizmlikdən (qəsdən sadələşdirmə) fərqlənən, türk rəssamlığına yeni bir meyl gətirmiş, öz dəst-xəttini yaratmışdır. Rəssam, ilk rəsm təhsilini Rusiyada aldığından, Repin yaradıcılığından, əsərlərindən təsirlənərək, güclü akademik rəsmi ilə, impressionizmin gətirdiyi boya incəliyini, özünə məxsus tərzdə əsərlərində tətbiq etmişdir. Onun kətan üzərinə vurduğu yaxılar son dərəcə sağlam, əsərlərində isə həssaslıq və lirik bir incəlik hökm sürürdü. Yaradıcılığı dövründə əsərlərində təbiəti müxtəlif cəhətləri ilə təsvir edən rəssam, hər an dəyişən işıq-kölgəyə diqqət yetirərək aşiqyanə yanaşmasını gizlətmirdi. Əsərlərində çox planlıliq, dəqiqlik, çox fiqurluluq, güclü kompozisiya rəssamın çətinlikdən qorxmadığını, əksinə etdiyi işdən zövq aldığının göstəricisidir. İbrahim Safi postimpressionizm üslubunun ən layiqli davamçılarından hesab edilir. Safi deyirdi-”Qafqazda gözəl sənətlərə qarşı böyük maraq vardır. Qızlar arzularını rəng-rəng xalçalara, diləklərini isə naxışlara həkk edir; kişilər isə həsir toxuyar, ağac üzərində oymalar edərlər. Bütün bu gözəlliklər addım-addım məni rəsmə itələdi. Əhatəmdə olan akademiya məzunları, müəllimlərim məni dəstəkləyir, gələcəkdə yaxşı rəssam olacağımı deyirdilər. Mən isə Rus rəssamı Repinin dəsti xəttini bəyənir, onun kimi bir rəssam olmağı istəyirdim”. İbrahim Safi yaradıcılığında uşaqlıq xatirələrinə əsaslanaraq, doğma yurdun
məişətinə dair mövzulara da rast gəlmək olar. Belə ki, Onun 1898-1899 cu illərdə Baş Noraşendən Əyricə yaylağına gedən köçərilərin həyatından təsvirlər “Şərq rəqqasları dağlıq ərazidə” adlı silsilə əsərlərini göstərmək olar. İbrahim Safi dayanmadam eksperementlər edir və bir əsəri fərqli rəngdə, lakin eyni rakursdan
bir neçə dəfə kətana köçürürdü. Məlumdur ki, “Şərq rəqqasları dağlıq ərazidə” freskası, Türkiyənin “Karvansara” adlanan əyləncə məkanında, rəssam tərəfindən divara çəkilmiş möhtəşəm əsərdir. Əsər öz manumentallığı və orijinallığı ilə tamaşaçıları bu gün də heyran edir. Sənətdə öz prinsipləri, mükəmməl işləmə tərzi olan sənətçinin son illərdəki əsərlərində olan yeni xüsusiyyətlər çeşidli mövzularda meydana çıxır. Safinin hər sərgisi möhtəşəm hadisəyə çevrilir, rəssam hər sərgisində 100-200 əsər nümayış etdirir.
İbrahim Safinin 10 mindən artıq əsəri var və Türkiyədə ən çox əsəri olan və satılan rəssam kimi də tanınır. Böyük ürək sahibi idi Safi əsərlərini satar, pulun çox hissəsini uşaq evlərinə və orduya köçürərdi. İbrahim Safinin son nəfəsinə kimi yanında olan fərdi həkimi Ənvər Talinin kolleksiyasında rəssamin 350 rəsm əsəri 7 milyon dollar məbləğində dəyərləndirilmişdir. Bu gün Türkiyənin ən görkəmli şəxsiyyətlərində və kolleksiyonerlərində İbrahim Safinin əsərinin olması prestij sayılmaqdadır. Qeyd edim ki, bu gün türkiyədə hər hansı kolleksionerin kolleksiyasında İbrahim Safinin əsəri yoxdursa, onu kolleksioner saymıllar.
Dostu Naci Tərzi deyirdi; “Safinin məndə 21 əsəri var idi, 20-ni sataraq özümə Bəyoğluda bir köşk aldım. Bir əsəri isə”Çingənə” bu gün də kolleksiyamın ən dəyərli əsəridir, belə ki kiril əlifbasıyla İbrahim onu Rəhman Safiyev kimi imzalayıb”.


1975 - 1980-ci illərdə İbrahim Safiyev görmə qabiliyyətini get-gedə itirmiş, 4 yanvar 1983 - cü ildə yüzüncü fərdi sərgisinin açılış axşamı həyata vida etmişdir. 100-cü sərgisi onsuz keçmişdir. İstanbulun ən böyük, Zəncirli quyu məzarlığında dəfn olunmuşdur böyük Safi. İbrahim Safinin vəfatından sonra Rəssamın öz kolleksiyasında olan ən dəyərli əsərlərini və eskizlərini həyat yoldaşı madam Zaxarina özü ilə Yunanıstana Afinaya aparır. Bəzilərini isə dəyər-dəyməzə antikvar dükanlarına satır. Sovet dönəmində vətənlə əlaqənin yoxluğu xalqımızın həmin yaradıcı soydaşlarımızdan xəbərsiz olmaları ilə nəticələnmişdir.Yalnız 1989-cu ildə Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların (muhacir rəssamların) əsərlərindən ibarət “Əzizim, Vətən yaxşı...” adlı sərgi təşkil edilməsi əvvəllər təbliği qadağan olunan soydaşlarımızın yaradıcılığının ictimaiyyətə təqdim olunmasına imkan verdi. Həmin məşhur sərgidə,əsərləri göstərilən rəssamlardan biri də İbrahim Safi idi.Bildiyiniz kimi, İbrahim Safinin yaradıcılığına və şəxsiyyətinə böyük ehtiram göstərilərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Görkəmli rəssam İbrahim Safiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018- ci il 17 oktyabr tarixli Sərəncam imzalamışdır. Həmin sərəncam tanınmış rəssamının həyat və yaradıcılığının daha geniş tədqiq olunmasına və öyrənilməsinə xidmət edir. İnanıram ki, İbrahim Safi ilə birgə bir çox muhacirlik həyatı yaşamış sənət adamları, tədqiqatlar sayəsində vətənimizə qayıdaraq tanıdılacaqdır. Bu sərəncam əsasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən çətimliklə əldə edilən rəssamın əsərlərinin 53 yüksək keyfiyyətdə fotoları kətan üzərinə çap edilərək, Bəhruz Kəngərli adına sərgi salonunda nümayış olunmuşdur, AMEA Naxçıvan bölməsində, Azərbaycan Atatürk mərkəzində İbrahim Safinin yaradıcılığına həsr edilmiş elmi-praktik konfranslar keçirilmiş və rəssamın 15 əsərinin repraduksiyası nümayış olunmuşdur. Naxçıvan MR Rəssamlar Birliyinin, Oxu Akademiyası və Azərbaycan Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə ölkəmizin tanınmış elm və incəsənət nümayəndələrinin iştirak etmələri rəssamın fəaliyyətinə daha böyük maraq oyatmışdır. Türkiyədə əsərləri geniş tamaşaçı auditoriyası qazanmış İbrahim Safini “Kafkasiyadan gələn rəssam” deyə tanıyırlar. Türkiyə Dövlətini Avropada öz əsərləri ilə layiqincə təmsil edən rəssamın indiyə dək sadəcə 4 ədəd sərgi kataloqu çap olunmuşdur. Bu kataloqların ən həcimlisi Ənvər Talinin kolleksiyasının ”İbrahim Safi” adlı 281 səhifəlik kitab - kataloqdur. Bu gün ölkəmiz müstəqilliyini bərpa edip, Azərbaycandan kənarda yaşayan tanınmış insanlarla bağlı tədqiqatlar aparmaq, onlar haqqında məlumatlar toplamaq artıq əlçatandır. Belə ki, İbrahim Safini tədqiq etmək məqsədi ilə Ankarada keçirilən mötəbər bir sərgidə olmaqla birgə, Türk Ocağı Mərkəzinin 16 mart 2019-cu il tarixdə Ankara Milli Kitabxanasında keçirdiyi “Türk Dünyasının Ortaq Sənət Dili” adlı elmi-praktik konfransda Azərbaycan dövlətinin Türk Dünyasına verdiyi töhfələrdən və ortaq dilimiz olan, Türkiyə - Azərbaycan arasında körpü rolunu özündə daşıyan İbrahim Safi haqqında çıxış edərək, rəssamın Azərbaycan tərəfini çıxışımda vurğulayaraq ictimayyətə təqdim etməyə çalışdım. “Rənglər və işıqlar devi” Safinin izi ilə İstanbula gələrək, görkəmli rəssam haqqında daha çox məlumat əldə etməyə çalışdım. İlk olaraq Cengiz Ünlü ilə (Hor-Hor qalereyasının
rəhbəri və İbrahim Safinin 100-cü sərgisinin təşkilatçılarından biri) əyani olaraq tanış olduqdan sonra, birgə Zəncirli quyu məzərlağına yollandıq. Cengiz bəy olmadan tapmaq mümkün olmazdı məzarı. Lakin yaxınlaşan kimi, bir rəssam məkanına gəldiyimi hiss etdim. Məzar daşı yerində böyük bir palitra və Safi haqqında yazılan dörd bəntlik bir şer bizi qarşılayırdı.

,,Rəngdən və İşıqdan bir devdi Safi Aramadı rütbə, şanı-sənəti sevdi Safi Doyulmaz gözəllikdə Safiyi tanımağa
Könül gözünüzlə baxmanız kafi,,

Növbəti dayanacaq Safinin yaşayıb-yaratdığı məkanlar və evi idi. Rəssam dostlarımızla Safinin əsərlərində canlandırdığı “Rumeli Hisarı”, “Anadolu yakasından görüntü”, “Avropa yakasından görüntü”, “Ada kulesi”, “Kiz kulesi” və.s çəkdiyi məkanları birgə-birgə gəzərək, rəssamın dahiliyini qəbul edir, Onun hər janrda yaratdığı əsərlər portretlər, natürmortlar, mənzərələr, özünə xas kompozisiyalar yada düşərək, bizləri riqqətə gətirir, qəlbimizi xoş hislər bürüyürdü. Özünü zəngin hesab edən Safinin, özünün heç zaman evi olmayıb. O, Rumlara (Türkiyədə yaşayan yunanlar), onların dini icması tərəfindən çox ucuz kiraya verilən üç mərtəbəli evin ikinci mərtəbəsində məskunlaşmış, buranı emalatxana kimində istifadə edirdi. Safinin ölümündən sonra, madam oradan Afinaya köçdü, onun sevdiyi Saka quşunun ruhu və boş evi öz sahibinin dönməsini bu gün də
gözləməkdədir. Orada olarkən qəribə hislər məni bürüdü. Safi bu gün yeganə tanıdığımız rəssamdır ki, Türkiyə, Avropa tanıyır. Ona sahiblənsək O, bizi, dünyada tanıdan rəssamımızdır. O, bu gün tanıdığımız bir çox görkəmli rəssamlarımızdan, daha çox tanıdar bizi. Əsərləri müxtəlif kolleksiyalarda, hərraclarda yüksək qiymətə satılır, öz muzeylərimizdə qorunub saxlanılır. Uzun müddətdən sonra bu rəssamın qayıdışı deyil , bəs nədir? Elə buraya birgə gəldiyim Cengiz bəyin özündə də nə qədər fotolar və bəlgələri var. Nə yaxşı olardı Türkiyədə görkəmli rəssamımızın Ev Muzeyi olsa idi. Evi boş, alınmasını gözləyir. Orada bizim diasporamız müxtəlif sərgilər keçirə və adları unudulmuş rəssamlarımızı, sənət adamlarımızı təbliğ edə bilərdi. “Qonşularımızın” bu cür rəssamı yoxdur. Bəlkə ona görə Qafqazdan gələn rəssam kimi qalması onlar üçün xeyirdir? Çünki onların da kolleksiyasında ,, şirin, azəri ləhçəsi ilə danışan rəssamın əsərləri var. Çox istərdim ki, İbrahim Safinin həm Türkiyədə, həm doğulduğu məkanda fərdi muzeyi olsun. Onu tanıyan bütün ölkələr onun mənsub olduğu xalqı tanısın. Bəli! Bizi layiqincə təmsil edib...Vətənə qayıtmağının vaxtıdır

 

Ülviyyə Həmzəyeva

Naxçıvan MR Rəssamlar Birliyinin sədri, əməkdar rəssam,millət vəkili.

Qalereya