STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Rəssamların palitrasında Hüseyn Cavid rəngi
(Тəhlil)
Oktyabr, bu soyuq və gözəl rəng palitrasına sahib olan payız ayı Cavidlər ailəsinin ayıdır desək yanılmarıq. Oktyabr ayının 22-si Hüseyn Cavidin yeganə oğlu, stalinizm rejiminin qurbanı, unudulmaz bəstəkar, istedadlı rəssam, gözəl şair, folklorşünas, tədqiqatçı və tərcüməçi Ərtoğrol Cavidin doğulduğu tarixdir
Oktyabr ayının 24-də isə, XX əsrin ilk illərindən şöhrət qzanmış şair-dramaturq, Türk dünyasının nəhəngi Hüseyn Cavidin anadan olduğu gündür. Hüseyn Cavidin bədii obrazı, yaradıcılığı, onun yaşadığı əzablı, lakin ləyaqət dolu həyatı, əsrin müxtəlif dövrlərində bir çox yaradıcı insanları, əlaxsüs fırça və tişə ustalarını, pərvanəni özünə çəkən işıq tək cəlb etmişdir. Azərbaycan təsviri və tətbiqi sənətində sənətkarların yaradıcılığında Cavid əfəndinin obrazını müxtəlif dövrlərdə görmək mümkündür. Hüseyn Cavid obrazına, ilk müraciət edən, böyük istedad sahibi, Peterburq Mülki Mühəndislər İnstitutunu bitirmiş Zivərbəy Əhmədov çəkmişdir. Qrafika üslubunda işlənən iki portret (1922-1923) Hüseyn Cavidin Bakı şəhərindəki Ev Muzeyində qorunub saxlanır. 1981-ci ilin iyul ayında Ulu Öndər Heydər Əliyevin, dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında imzaladığı tarixi qərar, firça və tişə ustalarımızı faciəli həyat yaşamış Hüseyn Cavid obrazına daha çox maraq oyatmış və maraqlı əsərlər yaradılmışdır.
Hüseyn Cavid obrazı Azərbaycanın tanınmış rəssamlarından Oktay Sadıxzadənin, Böyükağa Mirzəzadənin, Mikayıl Abdullayevin, Nəcəfqulu İsmayılovun , Hüseyn Əliyevin, Elmira Şaxtaxtınskayanın, Kamil Nəcəfzadənin, Əli Verdiyevin, Abbas Məmmədovun, Arif Hüseynovun, Altay Hacıyevin, Elxan Tahirovun, Aydın Rəcəbovun, Sabir Qədimovun, Rəsul Xəlilov, Əli Səfərli, Məhəmmədəli İsmayılovun, Şirzad Məmmədovun, Əbülfəz Axundov, Səyyad Bayramov, Lətif Kərimovun (xalçaçı rəssam) və s. rəssamların müxtəlif zamanlarda işlədikləri kompozisyalarda öz əksini tapmışdır. Azərbaycan heykəltəraşları, tanınmış tişə ustaları Tokay Məmmədov, Ömər Eldarov, Elxan Şamilov, Münəvvər Rzayeva, Fuad Salayev, Səlhab Məmmədov, Sudabə Əliverdiyeva, Akif Əsgərov, Xanlar Əhmədov, Arif Qzıyev və başqaları Hüseyn Cavid obrazına müraciət etmiş, unudulmaz əsərlərlə şairi daşda, tuncda və s. materiallarda əbədiləşdirmişlər. Bütün sənətkarlar ictimayyətə yaradıcılıq prosesini deyil, onun son məhsulunu çatdırırlar. Lakin, hər rəssamın özünə məxsus yaradıcılıq prosesi var. Bir çox rəssamlar işləməzdən qabaq eskizlər edir, kimisi təbiətlə təkləşər, kimisi kətanla-fırçasına söykənərək yol göstərməsini gözləyir, kimisi yuxularındakı obrazlardan istifadə edərək yola çıxır. Rəssamların əksəriyyəti dahilərin portretlərini işləmə ərəfəsində gecənin sakitliyinə, emalatxanada obrazla üz-üzə, təklikdə qalaraq, onunla söhbət edərək, onun keçirdiyi hisləri keçirərək, həmin çəxsiyyətin yaşadığı dövrə səyahət edərək işləyir. Məhz buna görə bu prosesə, yaradıcılıq prosesi deyilir. Heç bir rəssamın əsəri digər rəssamın əsərinə bənzəmir, kolorit, texnika, kompozisya fərqli və özünə məxsus olur. Naxçıvanda yaşasyıb yaradan rəssamların yaradıcılığında da Cavid obrazı özünəməxsus ali bir yer tutur. Onlar doğma, romantik-səma şairini əbədiləşdirərək, onu yaşadır və təbliğ edirlər.
Azərbaycan Respublikasının Əməkdar rəssamı mərhum, Mircəlil Seyidovun (1948-2009) yaradıcılığında görkəmli şairə bəslədiyi böyük sevgisini görmək çətin deyil, belə ki yaradıcılığının böyük hissəsini, Cavid mövzusuna həsr etmişdir. Rəssam Cavid ünvanlı 20-dən artıq silsilə əsərlər yaratmışdır. Bu əsərlərdə böyük ustadın müxtəlif ovqatlı, bir-birini təkrarlamayan onlarla obrazına rast gəlmək olar. “Cavidi düşünərkən”, “Cavid gəlir,” “Cavidlə İblisin dialoqu”, “Cavid dünyası”, “Şairin yuxusu” və digər əsərlər yaratmışdır. Mircəlil Seyidovun Hüseyn Cavidin Ev Muzeyində yerləşən “Şairin yuxusu” adlı əsərində, Cavidin o dövr keçirdiyi çətinliklərə baxmayaraq düşüncəsinin və əqidəsinin dəyişilməzliyin göstərmişdir. Kubvari fiqurların içində, çəkisizlik şəraitində, səmalarda uçuşan şairin ruhunu, cismindən qat-qat yuxarıda olduğunu, görsədən rəssam, şairin insanlardan və əzablardan uzaqlaşdığını göstərə bilmişdir. Kolorit baxımından əsərdə iki əsas rəng tonunu, mavi və ağın vəhdətini görə bilərik. Bəlkədə bu əsərdə rəssamın müraciət etdiyi rənglər, kubizm cərayanının banisi Pikasonun “mavi dövrü” nün rəngləri ilə üst-üstə düşməsi heç də təsadüfi olmamışdır? Bu dövrə aid yoxsulluğun, melanxoliyanın və kədərin xarakterik obrazları ölüm və.s kimi mövzular açıq, aydın ifadə olunur. Bu tabloda Cavidin hərəkətləri çox yavaşlamış, çəkisiz fəzada hərəkət edərək, dərdli insanın “sona” olan vecsizliyi nəzərə çarpır. Kəpənəklər arasında uçuşan Cavidin dərdsiz və ya dərdlərə doymuş bədənini , göy qurşağı tərəfindən bölünməkdədir. Burada göy qurşağının simvolik bir mənası, Cavid əfəndinin gördüyü işlərin qaranlıqda və yuxuda qalmayacağının göstəricisi kimin də qəbul etmək olar.
_____________________________________
Qədirulla Bağırov (1949-2013) Naxçıvan rəssamlıq məktəbində özünə məxsus iz qoyub getmiş rəssamlarımızdan biridir. Onun yaradıcılığında əsasən, doğma yurdunun ecazkar mənzərələri, abidələri, dahi şəxsiyyətlərin portretləri yer tutur. Rəssamın əsərləri bu gün də muzeylərimizi bəzəməkdədir. Rəssam öz yaradıcılığında Hüseyn Cavid obrazına da biganə qalmamış, “Aylı gecə” adlı əsərini ərsəyə gətirmişdir. Hüseyn Cavidin Ev Muzeyində qorunub saxlanılan əsərində rəssam açıq pəncərə önündə ölməz şairimizin iş stolunun üstündə yazdığı əsərlər və kitablar üzərində, düşüncəli şəkildə oturmuş formada əks etdirmişdir. Əsərdə açıq pəncərədən görünən aylı gecə mənzərəsində, ay işığının əzəmətli Haça dağı işıqlandırdığını görmək mümkündür. Bu təsvir, Hüseyn Cavidin öz doğma yurdunda, Naxçıvanda olduğunu göstərən bir simvoldur desək, yanılmarıq.
___________________________________________
Naxçıvanda yaşayıb, yaradan Xalq rəssamı Hüseynqulu Əliyevi (1949) biz tişə ustası, heykəltaraş olaraq tanıyırıq. Lakin Hüseynqulu Əliyevin qrafika, rəngkarlıq, əsərləri bir peşakarın dəsti xəttini özündə birləşdirən, Naxçıvan rəssamlıq məktəbinin əvəzsiz əsərlərindəndir. Hüseynqulu Əliyevin realizm üslubunda işlədiyi dahi şəxsiyyətlərin portretlər qalereyasına öz layiqli yerini Hüseyn Cavidin obrazı tutmaqdadır. Rəssamın fırçasına aid, bu gün də Naxçıvan Muxtar Respublikasının Hüseyn Cavidin Ev Muzeyində qorunub saxlanılan “Hüseyn Cavid”, “Cavid zirvəsi”, “Qanlı rejim illərində” əsərlərini göstərmək olar. ”Qanlı rejim illərində” adlı əsərdə, rəssam Hüseyn Cavidi üst geyimli-paltoda, bir əli ilə qirmızı stula söykənərək, stulun oturacaq hissəsində açıq kitab və kitabın üzərində əzik kağıza baxan, digər əlində isə eynəyi bərk sıxaraq, xəyallara dalan Hüseyn Cavidi əks etdirmişdi. Burada fikrə qərq olan şairin yazmaq arzusunda olanları, yaza bilməməsi məs stulun qan qırmızı rəngindən anlamaq çətin deyil. Yazdıqlarını isə üzə çıxara bilməməsini, əzilmiş kağız simvolizə edir. Əsərdə, o dövr qanlı rejim ucbatından, hislərini tam aça bilməyən bir insan obrazıyla qarşılaşırıq. Lakin diqqət etsək, Hüseynqulu Əliyevin Cavidi pərişan deyil, ümid dolu, qamətli və gərgin düşüncələrə qərq olmuş daş abidə tək ideyalarından dönməz və ölməzdir.
____________________________________
Hüseyn Cavid obrazına Azərbaycan Respublikasının əməkdar rəssamı Telman Abdinovun(1954) özünəməxsus və çox şaxəli yaradıcılığında da görmək olar. Telman Abdinov böyük şairin portretlərini edirək, yazdığı əsərlərinə kompozisiyalar həsr etməkdədir. Rəssamın “Mən təzad elçisiym” adlı diptixini, “İblis”, “Cavidin portreti” adlı əsərləri bu qəbil əsərlərdəndir. Son dövr, rəssamın ərsəyə gətirdiyi kompozisiyada, göy rəng koloritinə üstünlük verərək və ağ tonlarla portretin ətrafını saran buludvari tüstünün əsrarəngiz görüntüsünə “Cavidin portreti” adlı əsərində nail olmuşdur. Əsərdə, görkəmli dramaturqun yaradıcılığına işıq salan rəssam, portretin ətrafında, fon hissəsində, şairin yazdığı əsərlərin adları ilə kompozisiyanı həll etmişdir. Bu isə Hüseyn Cavid yaradıcılığına aid olan, hər hansı əsərinin adını çəkməyimizə baxmayaraq, Türk dünyasının ölməz şairinin canlanması, yaşaması deməkdir.
Cavid obrazına müraciət edən istedadlı sənətkarlardan Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Məhəmmədəli Ələkbərovdur(1954). Rəssamın yaradıcılığında layiqli yerlərdən birini tutan “Mələklərin hədiyyəsi” adında işlədiyi kompozisiya, özünə məxsus texnikada ərsəyə gəlmişdir. Məhəmmədəli Ələkbərov işlədiyi kompozisyanın üst hissəsində Cavid Əfəndi ilə həyat yoldaşı Müşkünaz xanımı mələk obrazında, buludlar üzərində təsvir etmişdir. Mələklərdən biri səma rəssamına ulduzları hədiyyə edir, digəri isə işıqlı, parlaq ayı. Cavid Əfəndinin romantik şair olduğunu vurğulayan rəssam, əsərini tünd fonda, şairi isə ilham pərilərinin əhatəsində çəkmişdir. Əsərin sol küncündə, rəssam özünün obrazını təsvir edərək, əlində ipə düzülmüş, o dövr sərbəst düşünən, dilini, dinini təbliğ edən, ağıllı, uzaqgörən insanların başına bəla olan, repressiya qurbanlarına çevirən, şər - böhtan atan adamların sifətlərinin maskalarını tutaraq, qıraqdan şairə həsədlə baxdığını görə bilərik. Bəlkə də rəssam özünə nümunə olaraq, həyatın çətinliklərinə baxmayaraq ayaqda durmaq, yaratmaq eşqi ilə yanıb-tutuşan Cavid Əfəndiyə gizlətmədiyi həsədini gösdərməkdədir.
Naxçıvan Muxtar Respublikası əməkdar rəssamı Həbibə Allahverdiyevanın (1981) yaradıcılığında görkəmli şairə həsr olunmuş, yağlı boya ilə kətan üzərində işlədiyi “Dahi Hüseyn Cavid” əsəri yer almaqdadır. Burada Hüseyn Cavid obrazı, ləpələnən dəniz dalğalarının sahildəki qayaların ətrafını sarmış fonunda işləməsi diqqəti cəlb edir. Bu isə rəssamın romantik duyğularını və şairin romantizminin vurğusudur. Uzaqda, fonda görünən qırmızı rəngdə İblis öz düşündüklərini və öz hiylələrini reallaşdırmaqdadır. Bunu isə İblisin önə gəlməsindən və rəng şuxluğndan hiss edə bilərik. Arxa planda pastel tonlarında, ilğım tək görünən Hüseyn Cavid Məqbərəsi və məsçid əsərin ümumi görünüşünü tamamlayan elementlərdəndir.
Mənim isə yaradıcılığında görkəmli şair-dramaturq Hüseyn Cavidə həsr olunmuş karton üzərində pastellə “Represiya qurbanı” və kağız üzərində quaşla “Hüseyn Cavid həyatı” adlı iki işim özümə məxsus, fərdi üslubumda işlənmiş əsərlərdəndir. Hər iki əsər Hüseyn Cavidin Ev Muzeyində qorunub saxlanılmaqdadır. Mənim “Represiya qurbanı” adlı işimin ön planında, profildən işlənmiş Hüseyn Cavidin portretinə diqqəti çəkmək istəyirəm. Burada böyük Cavidin fikirli, tale yüklü baxışları, içindəki narahatlıq, nigarançılıq gözlərdən qaçmamalıdır. Onun “İblis “ əsərindən olan misralar, fikrimcə bəşəriyyətdəki xaosa, pisliklərə, insansızlığa yönəlmiş sözləri və etirazıdır. Dahi Cavidin yaxasında olan 11-13 rəqəmi insanın bir anlıq nəfəsini ağırlaşdıran və düşünməyə vadar edən elementlərdəndir. Nədir axı bu on üç rəqəminin nisgili, uğursuzluğu? Hüseyn Cavid qəddarlıq və ikiüzlülüklə qarşılaşdı həyatında, lakin bizə çox uğurlu oldu onun dünyaya gəlişi, axı bizim Cavidimiz var indi. Onun əsərləri bizə mirasdır. Əsərin ikinci planında Hüseyn Cavid məqbərəsini verməklə, Cavidin yenə də vətəndə olmasını, ona verilən dəyəri xatırlatmaq istəmişəm. Hüseyn Cavid bir günəş və represiya odunda, represiya gülləsinə tuş gələn bir dahi idi.
Naxçıvan Muxtar Respublikasında Hüseyn Cavid irsinə və ailəsinə göstərilən diqqət və qayğı, sənət adamlarını yaratmaq eşqinə həvəsləndirir. Rəssamlar dahi şair-dramaturq, mütəfəkkiri Cavid əfəndinin obrazına və yaradıcılığına, dönə - dönə müraciət etmələri, böyük şairə məhəbbət və sevgilərinin bariz göstəricisidir.
Azərbaycan Respublikasının
Əməkdar rəssamı
Ülviyyə Həmzəyeva