STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan xalçaçılıq məktəbi neointibah mərhələsində

Toğrul Cəfərli

İmeyl: ToghrulJafarli777@gmail.com

Naxçıvan Dövlət Universitetin təsviri incəsənət kafedrasının müəllimi

Naxçıvan xalçaçılıq məktəbi neointibah mərhələsində

Son dövrlər elmi fikirdə dönə - dönə qeyd edildiyi kimi Naxçıvan özünün neointibah mərhələsini yaşayır. Bu, prinsipcə dövlətçilik təlimimizdə elmə və təhsilə göstərilən diqqətin ifadəsidir. Yeni dövr cəmiyyət həyatının bütün sahələrində olduğu kimi elmin müxtəlif istiqamətlərində yeni uğurların əldə edilməsilə təzahür edir. Naxçıvanda aparıcı elm ocaqlarından biri olmaqla Naxçıvan Dövlət Universitetində yeni tədqiqat əsərlərinin meydana çıxması və həmin əsərlərin təqdimetmə mərasimlərinin keçirilməsi artıq ənənə halını almışdır. Sevindirici haldır ki, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət kafedrasının baş müəllimi Siddiqə Hacıyevanın “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaiti də bu ənənənin məntiqi davamıdır. Prinsip etibarilə Azərbaycan xalçası xalqımızın milli mənəviyyatının zənginliyindən xəbər verməkdədir. Bu sırada Naxçıvan xalçaları da istisna deyil. Naxçıvan xalçalarında da xalqımıza məxsus fəlsəfi düşüncələrin, mifologiyanın, həyata baxışın, arzu və istəklərin, rənglər, ilmələr, naxışlar, geniş mənada ornamentlər vasitəsilə ifadə edildiyini görürük. Bu kitabın ən müsbət cəhətlərindən biri onun monumental quruluşu, forma ilə məzmunun vəhdətidir. Bu mənada bu kitabın ilk səhifəsilə ilə tanışlıq oxucuya yeni bir dünya təqdim edir. Bu təqdimat dərsliyin sonuna qədər eyni ciddiyyətlə həyata keçir.

Elmi ictimaiyyətə təqdim olunan bu kitab bir çox cəhətdən dəyərləndirilə bilər. Əslində prinsipcə qədim türkün yaratdığı incəsənət növlərindən biri də xalçaçılıqdır. Doğrudur ki, xalçaçılığa dair fundamental tədqiqat əsərləri də mövcuddur. Bununla belə Siddiqə Hacıyevanın “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaitində biz tamamilə təhlillərin Azərbaycançılıq ideologiyası əsasında, həm də müasir elmi meyarlara cavab verəcək səviyyədə aparıldığını görürük. Məsələ ondadır ki, Azərbaycan xalçası dünyanın bir çox məşhur muzeylərində ən qiymətli incəsənət nümunəsi olaraq saxlanılmaqdadır. Bu baxımdan Siddiqə Hacıyevanın “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaiti xalq estetik təfəkkürünün mühüm bir istiqamətinə həsr olunması nöqteyi-nəzərindən olduqca dəyərlidir. Etiraf edək ki, çağdaş dövrümüzdə hər bir elmi əsəri təqdim etmək həmin əsəri yazmaq qədər əhəmiyyətlidir. Çağdaş oxucunun maraqlarını təmin etmək, onun diqqətini cəlb etmək mühüm amildir. Bu baxımdan Siddiqə Hacıyevanın “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaiti xüsusi formada tərtib olunmuşdur. Belə ki, müəllif çalışmışdır ki, ümumi müddəalardan konkret faktlara keçid daim nəzarətdə saxlanılsın. Başqa sözlə kitabda Naxçıvan xalça və tikmə sənətini özündə əks etdirən çoxsaylı fotolarla qarşılaşırıq ki, həmin fotolarda xalçaçılıq sənətinə dair faktlar elmi məntiqlə təhlil olunmuş, bu zəmində Naxçıvan sənətşünaslığı yeni elmi müddəalarla zənginləşdirilmişdir.

Təqdirəlayiq haldır ki, dərs vəsaitində verilmiş Naxçıvan xalçaları və tikmələrinə dair mədəniyyət nümunələrinin bir çoxu Siddiqə xanım tərəfindən ilk dəfə öyrənilən sənət əsərləridir. Qəti şəkildə deyə bilərik ki, bu kitab Naxçıvan xalçaçılıq məktəbi sirlərinin yeni nəsillərə öyrədilməsi baxımından çox qiymətli bir əsərdir. Bu əsərlə Siddiqə Zakir qızı Hacıyeva Naxçıvan xalçaşünaslıq elmi tarixinə qiymətli töhfə vermişdir.  

Dərs vəsaitində müəllif ayrı-ayrılıqda “Xalçaçılıq naxışlarının kökü – Gəmiqaya təsvirləri, “Xalçaçılıq tariximizdən”, “Naxçıvanda xalça sənətinin inkişafı”, “Boyaqçılıq”, “Xalçaların təsnifatı”, “Naxçıvan xalçaları (Rayonlar üzrə)”, “Xalçalarda işlənən ornametlər”, “Naxçıvan tikmələri (Təkəldüz, Saya, Güləbətin, Muncuqlu, Qurama, Şəbəkə tikmə)” adlı bölmələr üzrə Naxçıvanın xalçaçılıq məktəbinin qədim dövrdən bugünümüzə qədər olan tarixini, xalqın milli təfəkküründən süzülüb gəlməsini və gələcək nəsillərə bu sənətin aşılanmasını sistemli şəkildə sənətşünaslıq elmi müstəvisində təhlil obyektinə çevirmişdir.

Siddiqə Hacıyeva xalçaçılıq naxışlarının kökünü sivilizasiyanın mərkəzi Naxçıvanın Gəmiqaya təsvirləri ilə bağlamış konkret faktları göstərmişdir ki, Gəmiqaya təsvirlərindəki motivlərə o dövrün bir çox sənət nümunlərində eləcə də xalçalarımızda rast gəlinir. Müəllif Gəmiqaya rəsmlərində rast gəlinən elementlərin piktoqrafik və ideoqrafik mahiyyətli xalça naxışlarında da əks olunmasını diqqət önünə gətirmiş və xalçaçılıq sənətimizin kökündə məhz Gəmiqaya təsvirlərinin izi olduğunu birbaşa oxucunun diqqətinə çatdırmışdır. Həmçinin müəllif bu əsasda xalça nümunələrindəki naxış elementlərini xalçaşünaslıq elmi yönündə mənalandırmışdır.

Diqqətə çəkilən əsas məqamlardan biri Naxçıvanın Ovçular təpəsində aşkar edilən küpələrin üzərindəki təsvirlərin e.ə V minillikdə inkişaf etmiş səviyyədə olduğu göstərilmiş, Gəmiqayada müxtəlif piktoqrafik səciyyəli rəmzi işarələr – dairələr, dördbucaqlar, üçbucaqlar eləcə də çərxi-fələk və s. təsvirlər həkk olunması qeyd olunmuşdur.

Göstərilmişdir ki, bu təsvirlər içərisində xüsusilə seçilən çərxi-fələk (dörd ünsür) ünsürü Naxçıvan xalçalarının bədii tərtibatında da geniş yayılmışdır. Müəllif qeyd etmişdir ki, hazırda Şərur rayonunun Maxta kəndində dövrümüzə qədər salamat qalmış orta göl hissəsindəki çərxi-fələk elementli xalça araşdırmalara görə Azərbaycanda təkdir. Və xüsusilə vurğulamışdır ki, digər sənət nümunələri üzərində eləcə də xalça sənət nümunələri üzərində rastalan bu kimi elementlər Naxçıvan mədəniyyətinin Gəmiqayadan başlandığını təsdiqləyir.

“Xalçaçılıq tariximizdən” adlı bölmədə müəllif qədim xalçaçılıq sənətinin tarixinə nəzər yetirmiş, qədim türkün vətəni Altayda “Pazırık” (Basırıq) deyilən yerdə V kurqanından  tapılan və “Pazırık xalısı” adı ilə məşhur olan türkün  qədim xalçası haqqında ətraflı məlumat vermiş, bu xalça üzərindəki elementləri tarixşünaslıq və sənətşünaslıq vəhdətində ətraflı araşdırmaya cəlb etmişdir.

Dərs vəsaitinin “Naxçıvanda xalça sənətinin inkişafı” adlı bölməsində Siddiqə Hacıyeva “Əcaib-əd-dünya” əsərindən, “Hüdud-əl-Aləm” adlı traktatından sitatlar gətirmiş bu sənətin Naxçıvanda inkişafın tarixinə ətraflı nəzər salmışdır. Belə qənaətə gəlmək mümkündür ki, Siddiqə Hacıyeva bu əsər üzərində işləyərkən həm tarixi faktlar həm də bu faktların əsasında tək – tək Naxçıvan xalçaçılıq məktəbinə daxil olan hər bir detalı nəzər nöqtəsinə cəlb etmiş və müfəssəl şəkildə təhlil etmişdir.

Kitabda həmçinin Naxçıvanda xalça sənətinin inkişafı tarixinə nəzər saldıqca dövlətin birbaşa diqqət və qayğısı sayəsində öz inkişasının neointibah mərhələsini yaşayan Naxçıvan xalçaçılıq sənətində mühüm işlər görülməsi, xüsusilə, əyani fotoşəkillər oxucunun diqqətinə çatdırılmışdır.

Dərs vəsaitinin “Boyaqçılıq” adlı bölməsində yunan tarixçisi Heredotun qədim diyar Naxçıvanda toxuculuq və boyaqçılığın xüsusi yer tutduğunu göstərən fikirləri qeyd olunmuşdur: “Bu yerlərin meşələrində elə ağaclar bitir ki, yerli əhali onların yarpaqlarını su ilə qarışdırıb paltarlarına naxış vururlar. Bu naxışlar silinmir, parça köhnələnə qədər qalır”. Siddiqə Hacıyeva bu fikirlərə əsaslanıb bildirmişdir ki, təbiətdən alınan təbii boyaqlar istər xalçalara, istərsə də parçalara parlaq rəng verməklə yanaşı onun qalıcılığını da təmin etmişdir. Müəllif xüsusilə vurğulamışdır ki, xalçanın keyfiyyəti ilə yanaşı, onun rəng çalarları da estetik baxımdan mükəmməlliyə xidmət edib. Naxçıvan florasını təşkil edən minlərlə boyaq xüsusiyyətli bitkilərin yetişməsi burada xalçaçılıqla bağlı olan boyaqçılığın da inkişafına zəmin yaratmışdır.

Müəllif bir maraqlı məqamı da gözlər önünə sərmişdir. Göstərmişdir ki, Naxçıvan sənətkarları boyanmış ipliklərdə boyağın möhkəmləndirilməsi üçün ən əsas xammal kimi duzdan istifadə edirdilər. Özündə 84 mineralı birləşdirən qiymətli və faydalı Naxçıvan duzu hələ qədim dövrlərdən mədəniyyətlərin mübadiləsinə təsir göstərdiyi kimi sənətdə də əhəmiyyətli rolu olmuşdur. Belə ki, iplərin bərkidilməsində Azərbaycanın digər bölgələrində zəydən istifadə edildiyi halda, Naxçıvanda əsasən duzdan istifadə olunurdu.

Oxucunun diqqətinə çatdırılmışdır ki, Naxçıvanın Culfa bölgəsi və ətrafının həmçinin təbii boyaq bitkisi – boyaqotu (marena) və “qırmızı böcək” adlanan və olduqca baha qırmızı boya verən xüsusi qiymətli həşərat ilə zənginliyi burada xalçaçılığın, ümumiyyətlə, toxuculuğun inkişafını şərtləndirən amillərdən olmuşdur.     

“Xalçaların təsnifatı” adlı bölmədə müəllif Siddiqə Hacıyeva Naxçıvan xalçaçılıq məktəbinə daxil olan xalça növlərini çox sadə, anlaşıqlı bir dillə sistemli şəkildə göstərmişdir. Kitab başdan – başa koloritli xalça nümunələri ilə oxucuya bənzərsiz, təkrarsız, tayı-bərabəri olmayan, şah əsər olan xalça dünyası bəxş edir.

“Naxçıvan xalçaları (Rayonlar üzrə)” bölməsində Siddiqə xanım Naxçıvanın ayrı – ayrı rayonlarında toxunmuş xalçaları növ, kompozisiya, naxış elementləri və s. cəhətdən maraq dairəsinə cəlb etmiş və sistemli şəkildə təhlil obyektinə çevirmişdir. Rayonlar üzrə hər bir xalça nümunəsinin fotosu, onun üzərində bədii elementlər və s. Siddiqə Hacıyeva tərəfindən dəqiqliklə araşdırmaya cəlb olunmuşdur.

Müəllif dərs vəsaitinin “Xalçaçılıqda işlənən ornamentlər” bölməsində sənət abidələri üzərində ornament motivi, onun bədii xüsusiyyət və məzmunu haqqında müxtəlif məlumatlara bir çox orta əsr Şərq rəssamı və sənətşünasının əsərlərində də rast gəlindiyini söyləyir. Bu əsasda İsgəndər bəy Münşinin “Tarixe-aləmaraye-Abbasi” (“Dünyani bəzəyən Abbasın tarixi”) əsərində, Qazi Əhmədin “Rəssamlıq və xəttatlıq haqqında risaləsində”, Sadiq bəy Əfşarın rəssamlığa aid “Qanun-üs-süvər” (“Təsvirlər qanunu”) adlı risaləsində ornament sənəti, onların quruluş və məzmunundan xeyli bəhs edildiyi qeyd olunur.  

Əsəri möhtəşəmlik səviyyəsinə gətirən ən mühüm amillər içərisində sözsüz ki, müqəddəs “7” rəqəminin ornamentlər sırasında mənalandırılmasıdır. Təbii ki, ən önəmli mənbələr sırasında öndəgedən Azərbaycanın zəngin istedadlar kəhkəşanında XVI əsrin məşhur miniatürçü rəssamı Sadiq bəy Əfşarın “Qanun-üs-süvər” (“Təsvirlər qanunu”) adlı risaləsində qeyd olunan ornament növlərinin “7” əsas formasının göstərilməsidir. Bunların islimi, xətai, nilufər, firəngi (Avropa tipli), bulud, vağ (əfsanəvi ağac adı) və bəndi rumidən (bizans toru) ibarət olduğu qeyd edilir.

Maraq doğuran məqamlardan biri də dərs vəsaitində ilk dəfə ornamentlər müəllif tərəfindən ağac üzərində yağlı boya ilə işlənmişdir və kitabın da səhifələrini vərəqlədicə xüsusi incəliyi ilə seçilən bu sənət nümunələrinin də şahidi oluruq.

Əsərin sonuncu bölməsi “Naxçıvan tikmələri”adlanır. Bu bölmədə Naxçıvanın qədim tikmə sənətindən tutmuş müasir dövrümüzdə işlənmiş tikmə nümunələrinə qədər bütün incə detallar müəllif  Siddiqə Hacıyeva tərəfindən xüsusi dəqiqliklə dərs vəsaitinə təhlil olunmuş şəkildə daxil edilmişdir. Müəllif göstərmişdir ki, XII – XIII əsrlərə aid edilən arxeoloji qazıntılar zamanı Naxçıvan yaxınlığından Xaraba Gilan şəhərinin dağıntıları arasında tapılmış tikmə nümunəsi ən qədim tikmə nümunəsi hesab edilir. Burada saya, şəkəri rəngli yerlikli kətan parça üzərində kalliqrafik təsvirlər yer alır. Tikmədə doldurma üsulu öz növbəsində müxtəlif tikişlərlə həyata keçirilmişdir.

Burada həmçinin müəllif ilk dəfə Naxçıvan Dövlət Universitetinin təsviri  incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrinin müxtəlif tikmə nümunələrindən ibarət işlərini dərs vəsaitinə yerləşdirmişdir. Qeyd etməyi özümüzə borc bilirik ki, son dövrlər bu sənətin yaşadılması istiqamətində Təsviri incəsənət kafedrasının baş müəllimi Siddiqə Hacıyevanın danılmaz xidmətləri olmuşdur. Onun birbaşa rəhbərliyi ilə təsviri incəsənət kafedrasında “Xalçaçılıq” dərnəkləri fəaliyyətə başlamış və bu sahədə ciddi dönüş yaradılmışdır. Tələbələrə bədii tikmə nümunələrinin müxtəlif növlərinin öyrədilmiş və bu sənəti yaşadılmasına ciddi töhfə verilmişdir.

Siddiqə Hacıyevanın “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaiti həm də maraqlı və gözoxşayan dizaynı ilə diqqəti cəlb etməkdədir. Qeyd etdiyimiz kimi kitabda hər bir detala xüsusi diqqət yetirilmiş və oxucunun ehtiyacı maksimum şəkildə təmin edilmişdir. Qeyd etməyi özümüzə borc bilirik ki, bu kitabın maraqlı dizayn tərtibatının hazırlanmasında Naxçıvan Dövlət Universitetinin memarlıq ixtisası üzrə məzunu, hal – hazırda Babək Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri baş memar Qalib Abbasovun  danılmaz xidmətləri olmuşdur.    

Təbii ki, bu sahədə görülən işlər heç şühbəsiz müstəqil dövlətimizin daima diqqəti və himayəsi sayəsində mümkün olmuşdur. Hesab edirik ki, bu diqqət və qayğı nəticəsində bundan sonra təsviri incəsənət kafedrasının baş müəllimi Siddiqə Zakir qızı Hacıyeva və onun timsalında rəssamlar və sənətşünaslar yeni-yeni elmi tədqiqat işləri, dərs vəsaitləri, monoqrafiyalar elmi dövriyyəyə cəlb edəcəklər.  

 

Qalereya