STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Fırçasından nur yağan rəssam

Fırçasından nur yağan rəssam

Qədim və ulu Naxçıvan torpağı doğma Azərbaycanımızın elm və dövlətçilik tarixinə böyük dühalar bəxş etdiyi kimi özünün qüdrətli sənət adamları ilə xalqımızın mədəniyyət tarixini də zənginləşdirmiş, həmin tarixə yeni səhifələr yazmışdır. Doğma Naxçıvanımızda bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsinə də böyük qayğı və dəstək var. Azərbaycan mədəniyyətinin, o cümlədən rəssamlıq sənətinin inkişafında naxçıvanlı rəssamların da özünəməxsus xidmətləri olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda realist rəssamlıq sənətinin məhz Naxçıvan torpağının istedadlı oğlu Bəhruz  Kəngərli ilə başladığı qeyd olunur. XX əsrin 80-ci illərində eləcə də XXI əsrdə Azərbaycan rəssamlıq və heykəltəraşlıq sənətində özünəməxsus məqama malik sehrli fırça sahiblərindən biri də bütün ömrünü Naxçıvanla bağlamış, Azərbaycanın Xalq rəssamı, gözəl pedaqoq, bu torpaqda özünəməxsus rəssamlıq məktəbini yaratmış Hüseynqulu Əliyevdir.

 Xalq Rəssamı özünü təsviri sənətin müxtəlif sahələrində rəssam, heykəltəraş, dekorativ tətbiqi sənət ustası, geyim eskizləri tərtibatçısı kimi təsdiqləmişdir. Hüseynqulu Əliyevin əsərləri ölkəmizdə və onun hüdudlarından kənarda – İran, Türkiyə, Gürcüstan, Türkmənistan, Rusiya, Ukrayna, Koreyada keçirilən sərgilərdə nümayiş olunub və böyük şöhrət qazanmışdır. 

Dünya estetikasında “Həyat ağacı” deyilən bir mövzu yer tutmaqdadır. Eyni mövzu ilə Xalq rəssamı Hüseynqulu Əliyevin yaradıcılığında qarşılaşırıq. Rəssamın “Həyat ağacı” əsərində bütövlüklə köhnə və yeni dünya vəhdət halında canlandırılmışdır. İlk baxışda bütün rəsm əsərinin kökündə qocaman bir ağacın hətta qabıqları belə tökülmüş gövdəsi dayanır. Prinsipcə həmin rəsm əsəri öz tamaşaçısına təlqin edir ki, həyat öz axarı ilə davam etməkdədir və həmin qocaman ağacın ətraflarından göyərmiş yeni budaqlar yeni həyata işarədir. Ağacın yuxarısında yuva qurmuş leyləklər rəsm əsərinə xüsusi canlılıq, həyatilik gətirir. Ümumiyyətlə, Hüseynqulu Əliyevin bu rəsm əsərində hər şey hərəkətdədir. Qocaman ağacın koğuşundan hissələr ayrılıb düşməkdədir. Gövdənin yanlarından çıxan yeni budaqlar səmaya can atmaqdadır. Bu ağaca sığınmış leyləklər uçmağa hazırlaşırlar. Səmada isə buludlar seyrəkləşməkdə və sıxlaşmaqdadır.

Hüseynqulu Əliyevin sənəti üçün xarakterik olan cəhətlərdən biri də rəssamın öz  fırçası və rəngləri ilə zamanı qabaqlamasıdır. Onun portret rəsm əsərlərinin mövzusu daha çox rəssamın özünə və müasirlərinə həsr edilsə də, biz həmin rəsm əsərlərində portretləri canlandırılan şəxslərin həyatlarının 20, 30 il sonrakı dövrləri ilə qarşı–qarşıya dayanırıq. Təbii ki, belə bir gediş etmək üçün rəssamdan böyük sənətkarlıq qüdrəti tələb olunur. Amma bu cəhət Hüseynqulu Əliyevin sənətində adi hala çevrilib. Məsələn, “Ömür yolu” rəsm əsərinə diqqət edilərsə, görərik ki, portretdə canlandırılan körpələr artıq rəssamın nəvələri deyil, nəticələridir. O nəticələrə baxan Xalq rəssamı isə cəsarətlə özünün 90 yaşında olacaq görkəmini canlandıra bilmişdir. Əslində bu rəsm əsərinin özü də portret janrındadır və obrazlı şəkildə həmin əsəri “Həyatın portreti” də adlandırmaq mümkündür.                                 

Heykəltəraş-rəssam Hüseynqulu Əliyev ustad sənətkar kimi heykəltəraşlığın monumental, monumental-dekorativ, dekorativ, həmçinin dəzgah heykəltəraşlığında büst-portretlər, müxtəlif ölçülü barelyeflər, barelyef-pannolar, eyni zamanda kiçik ölçülü plastika heykəltəraşlığı növlərində də bir çox əsərlər ortaya qoyub.  Bu Naxçıvanlı heykəltəraşın sənət əsərləri arasında Muxtar Respublikamızın ayrı-ayrı rayonlarının tarixi və təbiət mənzərələri, Naxçıvan şəhərinin özünəməxsus gözəlliklərinin özündə əks etdirən dəyərli nümunələr vardır. Naxçıvan şəhərinin Şərqə istiqamətlənən Naxçıvan-Ordubad magistralının başlanğıc qovşağında, Çənlibel məhəlləsində öz əzəməti ilə ucalan “Koroğlu” heykəli ayrı-ayrı komponentlərinin ən incə cizgilərinə qədər seçilməsi Hüseynqulu Əliyevin heykəltəraşlıq xarakteristikası haqqında dolğun və ətraflı fikir yürütməyə də əsas verir. Tuncdan hazırlanmış həmin möhtəşəm “Koroğlu” kənardan görənlərə də türk  dastan qəhrəmanının kimliyi haqqında da fikir formalaşdıra bilir. Qorxmaz sərkərdə kimi düşmən üstünə atılan Koroğlu obrazı heykəlin ümumi kompozisiyasında da təqdim olunur. Bir əlində qılınc, bir əlində qalxan şahlanan Qıratın üstündə od parlayan baxışları ilə düşmən üstünə şığıyan Koroğlu ilk baxışdan gənc nəslin də nümunə götürə biləcəyi obraz funksiyasını tamamlayır.

Şəhidlər xiyabanındakı “Ana” abidəsi öz quruluş və işlənmə manerasına görə diqqəti cəlb edir. Bu əsər sənətkar yaradıcılığının dərin və mənalı xüsusiyyətini özündə ehtiva edir. Bu əsərdə Azərbaycan torpağının bir zərrəsini belə düşmənə verməyən, lazım olsa canından belə keçməyə hazır olan qəhrəman şəhidlərimizin məzarına gələn şəhid anası təsvir olunub. Bu monumental heykəltəraşlıq əsəri özündə şəhid analarının üzgün, buna baxmayaraq əyilməz obrazlı ifadəsini  əks etdirir.   

Hüseynqulu Əliyevin rəssam kimi  üstünlük verdiyi janrlarda özünün daxili dünyası da açılır. Belə ki, rəssamın əsərləri içərisində yer alan natürmort, tematik tablolar, portret, mənzərə, süjetli kompozisiyalarda biz bu dediklərimizi aydınca müşahidə edə bilirik.

Hər bir rəssamın rənglər dünyasında xüsusilə diqqəti çəkən rənglər, çalarlar olur. Dünyanın tanınmış bir çox rəssamları, istər isti, istərsə də soyuq rənglərə meylliliyi ilə həmişə öz tədqiqatçıları tərəfindən fərqləndiriliblər. Bu baxımdan Hüseynqulu Əliyev də istisna təşkil etmir. Onun əsərlərində ağ rəngin işığı, həmçinin ağ rənglə digər rənglərin qarışığından alınan açıqlıq xüsusilə sezilir. Rəssamın özü də etiraf edir ki, o ağ rəngi daha çox sevir, ağ rəngə daha çox bağlıdır. Bu bəlkə də dünyanı, səmanı, insanları ağ gündə görmək, onlara xoş günlər arzulamaq humanistliyindən doğur. Bu hisslər Hüseynqulu Əliyevin tablolarında qabartmaq istədiyi mənanı daşınan detalları işıqlı, ağ fonda verməsindən, həmin motivləri ağ rənglə kətana köçürməsindən də bəlli olur.

Rəssamın mənzərə janrında çəkdiyi əsərlərindən “Mənim Naxçıvanım” triptixi, “İlanlı dağ” və başqaları realistliyi ilə tamaşaçını valeh edir.

Hüseynqulu Əliyevin portret janrında çəkdiyi dəyərli əsərlərdən biri Azərbaycan ədəbiyyatının böyük romantiki, şair-dramaturq Hüseyn Cavidin ayaq üstə dayandığı şinelli portretidir. Burada da yuxarıda vurğuladığımız kimi ən öndə ağ rəngli kitab vərəqləri diqqəti cəlb edir. Rəssam burada həm də qəhrəmanın yazıçılığına işarə edir. Portretdə Hüseyn Cavidin düşüncəli çöhrəsi, bir əlində gözlərindən götürdüyü eynək, skamyaya möhkəmcə sıxılmış digər əlinin narahtlığı ilk baxışda gözə çarpır. Bununla rəssam həm də repressiya qurbanı olan şairin bir anını deyil, taleyinin ümumi xarakteristikasını – gərginliyini, narahatlığını ifadə etməyi bacarıb. 

Hüseynqulu Əliyev teatr-dekor rəssamı, geyim eskizləri tərtibatçısı kimi də fəaliyyət göstərir. 1989-cu ildən 2019-cu ilə qədər Naxçıvan Dövlət Musiqili Dram teatrının baş rəssamı olaraq çalışmış Hüseynqulu Əliyev teatrda “Xeyir və Şər”, “Arşın mal alan”, “Afət”, “Hacı Qara”, “Özümüz bilərik” və bir çox başqa  tamaşalara səhnə tərtibatı verib. 2002-ci ildə Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına layiq  görülən Hüseynqulu Əliyev hazırda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi “Təsviri incəsənət” kafedrasının professoru vəzifəsində çalışır.

Onun yetirmələri də sənətdə öz sözlərini deyir, müəllimlərindən öyrəndikləri bilik və bacarığı uğurları ilə təsdiqləyirlər. Azərbaycanın tarixi taleyi, müstəqillik dövrü ilə bağlı  vətənpərvərlik nümunələri yaratmış, Naxçıvanda yeni nəsil rəssamların ustadı və müəllimi olmuş, çoxcəhətli yaradıcılıq qabiliyyətinə malik professional rəssam və heykəltəraş, teatr rəssamlığında öz dəst-xəttini müəyyən etmiş Xalq rəssamı Hüseynqulu Əliyevə bundan sonra da bu çətin və şərəfli sənət yolunda uğurlar arzulayırıq. Qoy yaradan əlləri daim var olsun!

 

Toğrul Cəfərli

İmeyl: ToghrulJafarli777@gmail.com

Naxçıvan Dövlət Universiteti “Təsviri incəsənət” kafedrasının müəllimi

Qalereya