STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
29-31 may tarixlərdə Naxçıvanda “Heydər Əliyev İli” çərçivəsində “Naxçıvan – Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalı təşkil olunub.
Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Naxçıvanda 2012-ci ildən, iki ildən bir olaraq keçirilən bu festival Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib. Mayın 29-da festival çərçivəsində qonaqlar ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ehtiramla ziyarət edib, önünə gül qoyublar. Heydər Əliyev Muzeyində onlara görkəmli dövlət xadiminin zəngin həyat yolu və fəaliyyəti haqqında məlumat verilib. Rəssamlar Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət edib, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgiyə baxıblar. Qonaqlar muxtar respublikanın ən çox ziyarət edilən turistik yerlərində – Batabatda, Qarabağlar türbəsi və Duzdağ Fizioterapiya Mərkəzində olublar. Mayın 30-da “Əcəmi seyrəngahı” mədəniyyət və istirahət parkında “Cahan” Holdinqin baş sponsorluğu, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar Birliyi, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi və digər təşkilatların dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan – Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olub. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edərək qonaqları salamlayıb, festivalda iştirak edən rəssamlara uğurlar arzulayıb. Qeyd olunub ki, Naxçıvan özünün elm-sənət, siyasi xadimləri ilə tanınır. Naxçıvan həm də ona görə çox dəyərli və əzizdir ki, bu ulu diyar Ümummilli Liderimiz Heydər Əliyevin doğma yurdudur. Ulu Öndər bütün fəaliyyəti dövründə sənətə, sənətkarlara xüsusi diqqət və qayğı göstərib, rəssamların daim hamisi olub. Görkəmli dövlət xadiminin xüsusi himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı yaradılıb. Bu təşkilat yaranan bir gündən fəaliyyətini davam etdirib, Naxçıvanın gözəl təbiəti, gözəl insanları rəssamlara ilham verib. Bildirilib ki, Naxçıvanda 2012-ci ildən, iki ildən bir keçirilən, sayca altıncı “Naxçıvan – Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalı bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması ilə xüsusilə əlamətdardır. Ülviyyə Həmzəyeva Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinə, Azərbaycan Rəssamlar İttifaqına, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəliyinə, festivalın təşkilinə dəstək göstərən bütün təşkilatlara, iştirakçılara minnətdarlığını bildirib. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxışında bildirib ki, qəhrəmanlar, ziyalılar yurdu Naxçıvanda olmaqdan çox böyük məmnunluq hissləri keçirir. Ulu Öndər Heydər Əliyevin Naxçıvan səfərlərində jurnalist kimi onu müşayiət etdiyini və o çətin və ağır günlərdə naxçıvanlıların Ümummilli Liderin yanında olmasını həmişə böyük bir qürur hissi ilə xatırladığını, – deyən Qənirə Paşayeva müasir Azərbaycanın qurucusu Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən dahi, əvəzsiz lider olduğunu diqqətə çatdırıb. Üçrəngli müqəddəs bayrağımızın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 70 il fasilədən sonra Naxçıvanda qaldırıldığını, bu gün işğaldan azad edilən torpaqlarda əbədi dalğalandığını xatırladıb. Çıxışda qeyd edilib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mədəniyyət və incəsənətimizin daha da inkişafı sahəsinə xüsusi diqqət göstərirlər. Vurğulanıb ki, Ümummilli Lider üçün mədəniyyət xalqı daha güclü gələcəyə aparan bir vasitə idi. Ulu Öndər rəssamlara, musiqi mədəniyyətinə, tariximizə yüksək dəyər verib. Gənc nəsillər bu nümunədən örnək almalı, mədəniyyətimizə daim sahib çıxmalıdırlar. Bu mənada, keçirilən festival xüsusi əhəmiyyət daşıyır, – deyə komitə sədri çıxışında bildirib. Qənirə Paşayeva festivalın təşkilinə və yaradılan şəraitə görə Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə minnətdarlıq edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdir müavini Tural Rzayev qeyd edib ki, muxtar respublikada Ulu Öndərin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir, dahi şəxsiyyətin ömür yoluna və çoxşaxəli fəaliyyətinə ətraflı nəzər salınır. Dahi şəxsiyyətin 100 illik yubileyi münasibətilə keçirilən rəsm festivalı da yubiley tədbirləri silsiləsində mühüm əhəmiyyət kəsb edir. Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə digər sahələr kimi rəssamlığın da inkişafında əsaslı dönüş yaradılıb, rəssamlara dövlət qayğısı artırılıb, onların fərdi sərgilərinin keçirilməsi, əsərlərinin satışı təmin edilib. Əsası Ulu Öndər tərəfindən qoyulan mədəniyyət siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Tarixi Zəfər bu torpaqlara həm də mədəniyyətin qayıtması deməkdir. Tural Rzayev muxtar respublikada yaradıcı şəxslərin sənətinə verilən dəstəkdən danışıb, rəssamların yaradıcılıq imkanlarının genişləndirildiyini diqqətə çatdırıb, festival iştirakçılarına uğurlar arzulayıb. Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağaəli İbrahimov çıxışlarında Ulu Öndər Heydər Əliyevin rəssamlığın inkişafına verdiyi töhfələrdən danışıb, festivala böyük maraq göstərildiyini diqqətə çatdırıblar. Naxçıvan Dövlət Filarmoniyasının Muğam qrupunun ifası və milli birliyimizi əks etdirən şərur yallısı tədbirə xüsusi rəng qatıb. Qeyd edək ki, “Naxçıvan – Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalında Azərbaycan, eləcə də Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Bolqarıstan, Rusiya, Finlandiya, Latviya olmaqla, ümumilikdə, 11 ölkədən 58 rəssam iştirak edir. Bu gün festivalın bağlanış mərasimi keçiriləcək, iştirakçılara diplom və hədiyyələr təqdim olunacaq. Xatirə olaraq rəssamların bioqrafiyası və festival zamanı çəkdikləri əsərlərdən ibarət kataloq nəşr ediləcək.