STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
“NAXÇIVAN – BƏŞƏRİYYƏTİN BEŞİYİ” II BEYNƏLXALQ RƏSM FESTİVALI
“Naxçıvan - bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” na əsasən keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasında rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görülmüşdür. Belə ki, Azərbaycanın ilk realist rəssamı, professional dəzgah boyakarlığının banisi Bəhruz Kəngərli muzeyi yaradılmış, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonu təşkil edilmiş, Naxçıvan Dövlət Universitetində təsviri incəsənət və rəsmxətt, Naxçıvan Müəllimlər İnstitutunda isə təsviri incəsənət müəllimliyi ixtisasları açılmışdır. Heydər Əliyev Uşaq-Gənclər və Estetik Tərbiyə mərkəzində, Ərtoğrol Cavid adına Musiqi və Bədii Sənətkarlıq məktəbində gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılmışdır. Bununla yanaşı muxtar respublikada Naxçıvan Dövlət Rəsm Qalareyası, 10 məktəbdənkənar müəssisədə və uşaq incəsənət məktəbində rəsm dərnəkləri fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, o cümlədən muxtar respublikada yaşayıb – yaradan rəssamların yaradıcılıq imkanlarının artırılması, onlar üçün münasib şəraitin yaradılması da diqqətdə saxlanılmış, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üçün yeni bina istifadəyə verilmişdir. Muxtar respublikada rəssamların çalışdığı köhnə emalatxanalar yeni emalatxanalarla əvəzlənmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 23 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illik yubileyinin keçirilməsi muxtar respublikada rəssamlıq sənətinə göstərilən dövlət qayğısının əyani təzahürdür.
Qədim Naxçıvan böyük quruculuq meydanına çevrilib. Bu gün həyata keçirilən quruculuq nümunələri gələcək üçün böyük tarixdir. Bu tarix təkcə mütəxəssis tədqiqatlarının deyil, eləcə də yaradıcı insanların əsərlərində də gələcək nəsillərə çatdırılır. Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalının keçirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən festival iştirakçılarına ulu diyardan aldıqları təssuratı bütün təravəti ilə ifadə etməyə imkan vermişdir. Yerli və xarici ölkələrin fırça ustaları əsərlərində Naxçıvanın milli dəyərlərini, Naxçıvan haqqında bilavasitə özlərinin müşahidə etdiklərini və oxuyub eşitdiklərini həm real, həm də obrazlı şəkildə əks etdirə bilmişlər.
Rəssamların yaratdıqları “Haça dağ”, “Naxçıvan dağları”, “Keçmişdən gələn səslər”, “Keçmişə səyahət”, “Nuhun türbəsi”, “Nuhun yurdu”, “Əshabi-Kəhf”, “Yaddaş”, “Naxçıvanqala”, “Naxçıvanın dəyərləri”, “Tarixin izləri”, “Bəşəriyyətin beşiyi”, “Şərqdən doğan günəş” və digər əsərlər milli dəyərlərimizi əks etdirməklə kifayət qədər düşündürücü və yaddaqalandır.