STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

“İpək yolu üstündə dostluq”

2025-ci il 🇦🇿 Azərbaycan Respublikası ilə 🇺🇿 Özbəkistan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə əlamətdardır. Bu münasibətlə Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin üzvü və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri olaraq, iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin mədəni əlaqələr müstəvisində də öz əksini tapması baxımından Azərbaycan və Özbəkistan rəssamlarını bir araya gətirən sənət platformasına dəvət etdik. Bu qəbildən olan sərgilər bizim praktikada dəfələrlə təşkil olunmuşdur.

“İpək yolu üstündə dostluq” adlı birgə sərgi isə iki dost ölkənin, qardaş xalqın mədəni birliyinin növbəti gözəl təzahürüdür.

Biz Azərbaycanda Özbəkistan günlərinin keçirilməsini, qardaş ölkədən olan sənət adamlarının müxtəlif platformalarda öz milli-mədəni dəyərlərini nümayiş etdirməsini dəfələrlə müşahidə etmişik. Eyni zamanda ölkəmizdən müxtəlif sahələri təmsil edən nümayəndə heyətlərinin iştirakı ilə Özbəkistana çoxsaylı səfərlər həyata keçirilmişdir. Bu qarşılıqlı təmaslar zamanı hər iki ölkənin mədəniyyətlərinin nə qədər oxşar və bir-birinə yaxın olduğunu bir daha gördük.

Sənətkarlar ölkəsi olan Özbəkistanda gözəl tikmə sənəti, dulusçuluq nümunələri, füsunkar memarlıq abidələri və özünəməxsus miniatürlər insanı sanki nağıllar aləminə aparır. Bu zəngin mədəni mənzərəyə musiqi və rəngarəng rəqsləri də əlavə etmək mütləqdir.

Bu sərgi iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın növbəti bariz göstəricisidir. Simvolik olaraq bu sərgini Şərqin qapısı sayılan Naxçıvanda əyani şəkildə keçirmək niyyətimiz hələ də gündəmdədir və növbəti illərdə bunu mütləq reallaşdıracağıq.

Eyni zamanda layihə iki ölkənin birgə tarixi dəyərləri və bu gün ortaq siyasi iradə üzərində yüksələn çoxşaxəli tərəfdaşlıq ruhunu sənətin dili ilə tamaşaçıya çatdırır.

Bu gözəl onlayn sərginin həyata keçirilməsində əməyi olan hər kəsə, o cümlədən Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin sədr müavini, Özbəkistan Respublikasının mədəniyyət elçisi Günay Əfəndiyevaya və göstərilən əməkdaşlıq və dəstəyə görə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Baxrom Aşrafxana , həmçinin sərgidə iştirak edən Azərbaycan və Özbəkistan rəssamlarına dərin minnətdarlığımı bildirir, gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıram.

Qətiyyətlə deyə bilərəm ki, bu sərgi xalqlarımız arasında müxtəlif sahələrlə yanaşı, təsviri sənət müstəvisində də yaradıcı dialoqun uğurla inkişafına və davamlılığına töhfə verəcəkdir. Bu sərgidə Azərbaycan–Özbəkistan qardaşlığının ortaq mədəni irsini bir daha görmək mümkündür.

Fürsətdən istifadə edərək hər iki ölkənin rəssamlarını qarşıdan gələn Yeni İl münasibətilə ürəkdən təbrik edir, cansağlığı, firavan həyat və sülh arzulayıram!

Ülviyyə Həmzəyeva

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam,

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü.

Onlayn sərginin kataloqunun tərtibatçısı,

Naxçıvan MR Rəssamlar Birliyinin fotoqraf-dizayneri Araz Xudiyevə xüsusi təşəkkür edirik.

Sərgidə 18 rəssamın, 36 əsəri nümayiş olunur.

  08-01-2026 16:47
Qalereya