STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
SADİQOV Həmzə Həsən oğlu 17.05.1949-cu ildə Naxçıvan şəhərində anadan olub. Rəssam. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı (2011). Azərbaycan Dövlət Politexnik İnstitutunda (1968-1973) və Moskvada qiyabi Xalq İncəsənət Universitetinin “dəzgah boyakarlığı və qrafikası” şöbəsində təhsil alıb (1978-1980). Azərbaycan Rəssamlar İttifaqının (2010) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda (1977), İran İslam Respublikasının Urmiya şəhərində fərdi yaradıcılıq sərgiləri (2011) və 17 may 2019-cu ildə Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda anadan olmasının70 illiyi ilə əlaqədar olaraq yubiley sərgisi keçirmişdir. Respublika, ümumittifaq və beynəlxalq əhəmiyyətli bir çox festivallara, müsabiqələrə və qarışıq sərgilərə qatılmışdır. O cümlədən: Bakı və Moskvada keçirilən “Zəhmətkeşlərin Bədii Özfəaliyyəti” respublika və ümumittifaq yaradıcılıq festivallarının laureatı (1975, 1977), Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr olunmuş rəsm müsabiqəsinin qalibi (2016) və Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan-95” “Yurdumun rəngləri” festival-müsabiqəsində plakat nominasiyası üzrə II yerin qalibi olmuşdur (2019). Yuqoslaviyanın Belqrad şəhərlərində keçirilən beynəlxalq sərgidə (1977), Türkmənistanın Aşqabad şəhərində keçirilən Beynəlxalq sərgidə (2009), Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Naxçıvan Rəssamlarının sərgisi”ndə (2011), Türkiyənin Adana şəhərində II Beynəlxalq Sənət Festivalında (2018), Ərzurum şəhərində ümumi sərgidə (2019) və Bakı “Kristal Hall” Azərbaycan Rəssamlarının sərgisində Naxçıvan rəssamlarını layiqincə təmsil etmişdir (2019). “Naxçıvan-bəşəriyyətin beşiyi” II, III, IV və V Beynəlxalq Rəsm Festivalının iştirakçısıdır (2014, 2016, 2018, 2021). Əsərləri Rusiya, Yuqoslaviya, Türkmənistan, Qazaxstan, İran, Türkiyə kimi xarici ölkələrdə, Bakı və Naxçıvan şəhərlərində bir çox şəxsi kolleksiyalarda, Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Cəlil Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyində, Hüseyn Cavidin Ev Muzeyində, Milli Dəyərlər Muzeyində, Xatirə Muzeyində, Qarabağlar Türbə Kompleksində, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində və c. yerlərdə qorunub saxlanılır.