STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Əli Səfərli

SƏFƏRLİ Əli Ələsgər oğlu 01.07.1954-cü ildə Naxçıvan şəhərində anadan olub. Rəssam. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı (2014).Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinində tərtibatçı rəssam ixtisası üzrə təhsil alıb (1974-1978). Azərbaycan Teatr Xadimləri İttifaqının (1994), Azərbaycan Rəssamlar İttifaqının (2005) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Şərq Qapısı qəzetində radist teletaypçı (1972-1974), C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşçu rəssam (1983-1987), M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında baş rəssam (1990-2012) və Naxçıvan MR Babək Rayon Xalq Teatrında quruluşçu rəssam vəzifələrində işləmişdir (2009-2017). Teatrlarda işlədiyi müddətdə 60 yaxın tamaşanın səhnə tərtibatı və geyim eskizləri vermişdir. Bu tamaşalardan bir çoxu qastrol və festifallarda, həmçinin dostluq görüşlərində Bakı, Şəki, Gəncə şəhərlərində, İsmayıllı, Şəmkir, Lənkəran, Astara, Masallı rayonlarında, Türkiyə Cümhuriyyətinin Ərzincan, İzmir, Trabzon, İğdır, Van, İran İslam Respublikasının Tehran, Urmiya şəhərlərində və başqa yerlərdə müvəffəqiyyətlə göstərilmişdir. 2012,2014 və 2019-cu illərdə Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda fərdi yaradıcılıq sərgisi keçirmişdir. Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi ”Naxçıvan-95” “Yurdum Mənim” festival-müsabiqəsində dekorativ-tətbiqi sənət nominasiyasında III yerin qalibi olmuşdur (2019). 1978-ci ildən bu günə kimi İran və Türkiyə kimi qonşu dövlətlərdə, Naxçıvan, Bakı və başqa şəhərlərdə təşkil olunmuş müxtəlif sərgilərdə uğurla iştirak edir. O cümlədən: İranın Urmiya şəhərində (1994), Türkiyənin İğdır şəhərində (2001,2003) və Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Naxçıvan Rəssamlarının sərgisi” ndə(2001, 2005, 2011, 2012), Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənəti Muzeyində “Azərbaycan Teatr rəssamlarının sərgisi”ndə (2005), Bakıda keçirilən “Nar” və “Soltan Məhəmməd”in yubileyinə həsr olunmuş miniatür sərgisində Naxçıvan rəssamlarını uöurla təmsil edib (2013). Naxçıvan-bəşəriyyətin beşiyi” I, II, III və IV Beynəlxalq Rəsm Fstivalının iştirakçısı olmuşdur (2012, 2014, 2016, 2018). Əsərləri Rusiya, İran, Türkiyə kimi xarici ölkələrdə, Bakı və Naxçıvan şəhərlərində bir çox şəxsi kolleksiyalarda, Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Bəhruz Kəngərli Muzeyində, Cəlil Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyində, Cəlil Məmmədquluzadənin Ev Muzeyində, Milli Dəyərlər Muzeyində, Xatirə Muzeyində, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində və c. yerlərdə qorunub saxlanılır.