STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Əyyub Hüseynov

HÜSEYNOV Əyyub Müseyib oğlu 03.09.1916-cı ildə Kəngərli rayonunun Xok kəndində anadan olmuş, 17.04.1998-ci ildə Bakı şəhərində vəfat etmişdir. Rəssam. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1980). Bakı Rəssamlıq Texnikumunda (1931-1935) və Tbilisi Rəssamlıq Akademiyasında təhsil almışdır (1936-1941). SSRİ Rəssamlar İttifaqının və Azərbaycan Rəssamlar İttifaqının üzvü idi (1935). 1941-ci ildən 1949-cu ilin sonuna kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrnda quruluşçu rəssam vəzifəsində işləmişdir, teatrın səhnəsində Əyyub Abbasovun “Məlik Məmməd” (1942), Məmmədhüseyn Təhmasibin “Aslan yatağı” (1943), Abdulla Şaiqin “Vətən” (1944, 1949), Qurban Musayevin “Şərqin qalası” (1944), Vasili Şkvarkinin “Şən nəğmə” (1944), Məhərrəm Əlizadə “Gözün aydın”, “Qızıl gül” (1945), Cəfər Cabbarlının “Aydın” (1945), Üzeyir Hacıbəyovun “Məşədi İbad” (1946), “Şah Abbas və Xurşidbanu” (1947), “Əsli və Kərəm” (1949), Konstantin Simonovun “Praqanın şabalıd ağacları altında” (1946), Karlo Qoldinin “İki ağanın bir nökəri” (1946), Mirzə Fətəli Axundovun “Xırs quldurbasan” (1946), Əbülfəz Abbasquliyevin “Günəş doğur” (1947), Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan” (1947), Aleksandr Surkovun “Stalinqraddan uzaqlarda” (1947), Jan Batist Molyerin “Jorj Danden” (1948), Süleyman Sani Axundovun “Laçın yuvası” (1948), Sabit Rəhmanın “Aydınlıq” (1949) və s. tamaşalara səhnə tərtibatı vermişdir.1949-ci ildən ömrünün sonuna kimi Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur (1949-1998). 1956-cı ildən 1965-ci ilə kimi həmin məktəbin Direktoru vəzifəsində işləmişdir. Məişət janrında: “Naxçıvan duz mədənində”, (1947), “Yaylaqda axşam çağı” (1982), mənzərə janrında: “Ordenli Bakı”, “Dəniz” ,“Naxçıvan günorta çağı”,“Şahbuz çayının mənzərəsi” (1957), “Yağışdan sonra” (1972), “Neft daşları” (1979), süjetli kompozisiyaları: “Möminə xatın məqbərəsinin muzakirəsi”, “Araz vadisində” (1984), “Sərhəddə” (1985) və digər əsərlərin, bir çox tarixi-inqilabi kompozisiyaların və portretlərin müəllifidir. Əsərləri Bakı şəhərində, Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.