STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan Muxtar Respublikası beynəlxalq tədbirdə təmsil olunub

  Bu günlərdə London şəhərində Avropanın və MDB-nin dövlət qurumlarının, beynəlxalq peşəkar mühasib təşkilatlarının, aparıcı şirkətlərin nümayəndələrinin, mühasibat, vergi, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin iştirakı ilə beynəlxalq tədbir keçirilib.
    Tədbirin keçirilməsində məqsəd maliyyə hesabatlarının beynəlxalq standartlarına edilən dəyişikliklərin müzakirəsi, maliyyə, daxili nəzarət, mühasibatlıq sahəsində yeni məlumatların əldə edilməsindən ibarət olub. 
    Hər ölkədən məhdud sayda nümayəndələrin təmsil olunduğu tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Neft Fondunun, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin, Azərişıq ASC-nin və Azərbaycan Proffessional Maliyyə Menecerləri Assosiasiyasının əməkdaşları iştirak ediblər. 

Tədbirin təşkilatçısı – “The Institute of Certified Bookkeepers” in direktoru Garry Carterin giriş sözü ilə çıxış edib. Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmən öncə ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ilə bağlı təbriklərini çatdırıb. O, dövlətimizin həmin ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işlərini də xüsusi vurğulayıb. Azərbaycan və Böyük Britaniya arasında strateji xarakter daşıyan münasibətlərin hazırda uğurla inkişaf etdiyini bildirərək həmçinin humanitar sahədə də əlaqələrin əhəmiyyətini və təhsil sahəsində əməkdaşlığın uğurlu nəticələrini qeyd edib.
    Tədbirdə Azərbaycan nümayəndə heyəti adından Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edib. O, Bob Bləkmənə söylədiyi fikirlərə, belə bir tədbirin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. Qeyd edilib ki, bu gün Azərbaycan-Britaniya əlaqələri müxtəlif sahələrdə genişlənir və keçirilən yüksək səviyyəli görüşlər də əlaqələrimizin möhkəmlənməsində mühüm rol oynayır. Sonra Naxçıvan Muxtar Respublikası adından tədbirin təşkilatçısı Garry Carterə Naxçıvanın simvolunu əks etdirən “Haçadağ” rəsm əsəri hədiyyə edilib.
    Ukrayna və Qazaxıstandan olan nümayəndələrə söz verilib, sonda xatirə şəkilləri çəkdirilib.

Növbəti gün Böyük Britaniyanın Kral ailəsinə mənsub, qədim tarixi saraylarından biri sayılan St James sarayında Britaniya Kral Ailəsinin üzvü, Kral həzrətləri, Kent Şahzadəsi Maykl GCVO, CD iştirakı ilə ölkələr arasında qarşılıqlı tərəfdaşlığın qeyd olunmasına həsr edilmiş nahar yeməyi təşkil olunub. 
    Görüşdə Azərbaycan, Ukrayna, Qazaxıstan, başqa xarici dövlətlərin nümayəndələri ilə yanaşı, İngiltərə yüksək zümrəsini təmsil edən nümayəndələri də iştirak ediblər. Britaniya Kral Ailəsinin üzvü, Kral həzrətləri, Kent Şahzadəsi Maykla Azərbaycan nümayəndə heyəti təqdim edilib, qısa söhbət aparılıb. Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini tərəfindən “Möminə xatın türbəsi” rəsm əsəri ona hədiyyə edilib, Möminə xatın türbəsinin tarixindən, onun UNESCO-nun qorunan mədəni abidələri siyahısında olan dünya əhəmiyyətli tarixi abidə olmasından və Naxçıvan Muxtar Respublikasını simvollaşdırdığından qısa bəhs edilib. 
    ICFM təşkilatının Şərqi Avropada fəaliyyətinin 15 illiyinə təsadüf edən tədbirdə qonaqlara xatirə kimi maliyyə peşəsinin inkişafına verdikləri töhfələrinə görə diplomlar təqdim olunub.

Qalereya