STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
"Naxçıvan rəssamlarının ensiklopediyası”nın təqdimatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan rəssamlarının ensiklopediyası”nın təqdimat mərasimi olub. Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, Azərbaycanda mədəniyyətin, incəsənətin, o cümlədən təsviri sənətin inkişafı ümummilli lider Heydər Əliyevin adı və hərtərəfli dövlətçilik fəaliyyəti ilə bağlıdır. Ulu öndərin ölkəmizə rəhbərliyi dövründə mədəniyyətin və təsviri sənətin inkişafına xüsusi qayğı göstərilib, çoxsaylı mədəniyyət mərkəzləri, sərgi salonları yaradılıb, rəssamlıq sahəsində yaradıcılıq prosesi geniş vüsət alıb. Bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsində əsasını qoyduğu ənənələr davam etdirilir, yaradıcı şəxslərin sənətinə dəstək verilir, zəngin keçmişə malik olan rəssamlıq məktəbinin qorunub saxlanılması və inkişafı üçün tədbirlər görülür. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri cənab Vasif Talıbovun müvafiq sərəncamlarına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sərgi salonuna Bəhruz Kəngərlinin, Naxçıvan şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbinə Ərtoğrol Cavidin adı verilib, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılıb, Bəhruz Kəngərli adına Rəssamlar parkı yaradılaraq parkda görkəmli rəssamın heykəli qoyulub. Bununla yanaşı, ötən illər ərzində görkəmli rəssamların yubileyləri, Rəssamlar Birliyinin 40 və 50 illik yubileyləri muxtar respublikada geniş qeyd edilib. 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yeni bina ilə təmin olunub. Vurğulanıb ki, muxtar respublikada rəssamların yaradıcılıq imkanlarının genişləndirilməsi də diqqətdə saxlanıb, hər cür şəraiti olan emalatxanalar rəssamların istifadəsinə verilib, rəssamların fərdi sərgiləri təşkil edilib, albom-kataloqları nəşr olunub, fəaliyyəti ilə seçilən rəssamlar fəxri adlara layiq görülüblər. Muxtar respublikada istedadlı gənc rəssamların üzə çıxarılması və onların rəssamlıq sənətini daha dərindən öyrənmələri də diqqətdə saxlanıb, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda aid ixtisaslar üzrə tədris aparılıb, məktəbdənkənar təhsil müəssisələrində isə rəsm dərnəklərinin fəaliyyəti üçün zəruri şərait yaradılıb. Muxtar respublikada “Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm festivallarının yüksək səviyyədə təşkil olunması da muxtar respublikada təsviri incəsənətə qayğının ifadəsidir.
Diqqətə çatdırılıb ki, bu gün “Naxçıvan rəssamlarının ensiklopediyası”nın təqdimatının keçirilməsi də bu sahədə əldə edilən uğurların davamıdır. Ensiklopediya Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 mart tarixli “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən hazırlanıb.
Emin Məmmədov Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə və rəssamlara gələcək fəaliyyətlərində uğurlar, yaradıcılıq nailiyyətləri arzulayıb. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən hazırlanan, Naxçıvan rəssamları haqqında geniş məlumat bazası olan ensiklopediyanın naxçıvanlı rəssamların yaradıcılığı və Naxçıvanda rəssamlıq sənətinin inkişafına işıq tutulmasına əhəmiyyətli töhfə kimi qiymətləndirib. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ensiklopediyanın elm və incəsənət adamları, ziyalılar üçün məlumatlandırıcı funksiya daşıdığını, Naxçıvan rəssamlarının sənət yolunun gələcək nəsillərə ötürülməsində mühüm rol oynayacağını diqqətə çatdırıb. Çıxış edənlər Naxçıvanda elm və incəsənətin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər. Rəssamlar Birliyinin üzvləri – Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov və Şəmsiyyə Zalova yaradıcılıq fəaliyyətlərinin kitabda əksini tapdığını bildirib və onların fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlıq ediblər. Sonra ensiklopediya Rəssamlar Birliyinin üzvlərinə təqdim edilib, birlik üzvlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.
Ensiklopediyanın Redaktoru
R.Ə.ZÜLFÜQAROV
Tərtibçilər : Ü.T.HƏMZƏYEVA, N.İ.ALIYEV, A.A.XUDİYEV
Redaksiya heyəti : İsmayıl HACIYEV, Ülviyyə HƏMZƏYEVA, Fərhad XƏLİLOV, İsa HƏBİBBƏYLİ
Naxçıvan rəssamlarının ensiklopediyası, " Əcəmi " Nəşriyyat - Poliqrafiya Birliyində çap olunmuşdur