STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş sərgi

      Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş rəsm sərgisi açılıb. Açılış tədbirində əvvəlcə Xocalı faciəsi qurbanlarının, 44 günlük Vətən müharibəsində şəhid olanların və qardaş Türkiyədə baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik  sükutla yad olunub. 
    Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən qəddar cinayətdir. Bu faciə bədii ədəbiyyat, kinofilmlər, musiqi və rəsm əsərlərində əks olunaraq gələcək nəsillərə, eyni zamanda dünya ictimaiyyətinə çatdırılır.  
    Qeyd edilib ki, 44 günlük şanlı Vətən müharibəsində qazanılan Tarixi Zəfər 30 illik ədalətin bərqərar olunması ilə nəticələndi, həmçinin Xocalı soyqırımı qurbanlarının, torpaqlarımız uğrunda şəhid olan Vətən oğullarının qisası alındı. 
    Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya çıxış edərək diqqətə çatdırıb ki, Türkiyədə baş verən dəhşətli zəlzələnin ilk dəqiqələrindən etibarən Azərbaycan xalqının ürəyi türk soydaşları ilə birgə döyünürdü. Azərbaycanın hər bir bölgəsindən, eləcə də Naxçıvandan vətəndaşlar zəlzələdən zərərçəkmiş türk qardaşlarına həm maddi, həm də mənəvi  yardımlarını əsirgəmədilər. Burada da Azərbaycan həmişə Türkiyənin yanında olduğunu sübut etdi.
    Vurğulanıb ki, Azərbaycan xalqının başına tarixin müxtəlif vaxtlarında faciələr gətirilib. Xocalı soyqırımı da  belə faciələrdən biri kimi yaddaşlara həkk olunub. Bu gün yalnız Azərbaycanda deyil, Türkiyədə də bu faciə qurbanlarının xatirələri yaşadılır və təbliğ olunur. 
   Naxçıvan Muxtar  Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Mahir Xəlilov çıxış edərək bildiriblər ki, xalqımızın başına gətirilən dəhşətli faciələr heç vaxt unudulmayacaq, soyqırımı qurbanlarının xatirələri bundan sonra da yaşadılacaq.
    Qeyd edək ki, sərgidə 30 rəssamın 31 əsəri nümayiş etdirilir. Sərgi 1 həftə davam edəcək.

Qalereya