STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Rəssam Əli Səfərovun yaradıcılığı
Milli təsviri sənətimizdə məxsusi yeri olan Naxçıvan məktəbinin günümüzdəki ustadlarından olan Əli Səfərov bədii ideyası, doğma yurda sevgisi və istedadının qüdrəti ilə tarixi lövhələr, misilsiz rəngkarlıq salnaməsi yaradıb.
Əli Səfərov 1954-cü ildə Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bədii-tərtibatçı rəssam ixtisası üzrə bitirib, Naxçıvanda şüşə və alüminium qablar zavodlarında tərtibatçı-rəssam işləyib. O, 1983-1987-ci illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında, 1990-2012-ci illərdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında, daha sonra quruluşçu rəssam kimi fəaliyyət göstərdiyi Babək rayon Xalq teatrında 60-a yaxın tamaşaya səhnə tərtibatı və geyim eskizləri verib. Azərbaycan Teatr Xadimləri İttifaqının, Naxçıvan MR Rəssamlar Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Teatr rəssamı olmaqla yanaşı, o həm də bu gün qrafik və rəngkar kimi bədii fəaliyyətlə məşğul olur. Bununla yanaşı, miniatür janrında da müxtəlif əsərlər ərsəyə gətirib.
Güclü bədii təfəkkürə və təxəyyülə malik sənətkarın, hər şeydən əvvəl, çox zəngin elmi-tarixi savadı, adət-ənənələrə və milliliyə dərindən bələdliyi, dünyagörüşü və geniş mütaliəsi onun yaradıcı kimliyini formalaşdıran ən önəmli amillərdir. Çünki sənətkar olmaq təkcə zəngin tariximizi, ənənələrimizi, vətənimizi və onun misilsiz gözəlliklərini sevmək demək deyildir, onu həm də tərənnüm edib, gənclərə sevdirmək, təbliğ etmək deməkdir. Əli Səfərovun sənət missiyası da belədir. Biz Naxçıvanın gözəl guşələrinə səyahət etmədən belə, onun mənzərələrində görüb, heyran oluruq.
Bu baxımdan rəssamın “Ağaclıq”, “Gəzinti”, “İlanlı dağ”, “Mənzərə”, “Nəhəcir dağı”, “Naxçıvanda qış”, “Qızıl payız”, “Ordubad dağları”, “Dağ kəndi”, “Üzən ada”, “Batabat”, “Əlincə”, “Vayxır gölü”, “Şərur yallısı”, “Nağıllı dünyam”, “Şahbuz yolu”, “Yaz yağışı”, “Naxçıvanda şənlik” və bir çox tablosu təqdirəlayiqdir.
Yenilməz, əzəmətli, dilbəranə və ovsunlu dağlarla əhatələnən Naxçıvanın İlanlı dağı (Haça dağ), bir çox rəssamlara ilham verməklə yanaşı, müxtəlif əfsanələrin də baş qəhrəmanı olub. Əfsanəyə görə, bu dağın zirvəsindəki yarıqlar “Nuh tufanı” (“Dünya tufanı”) zamanı yaranıb. Əli Səfərovun palitrasından boylanan xoşhal rənglərin diş-diş qayalar ilə məlahətli və ahəngdar kombinasiyası “İlanlı dağ” kompozisiyasının xəyallar aləmində doğulan şirin bir nağıla bənzər təsviridir.
Təbiəti ilə hər kəsi özünə məftun edən digər əsrarəngiz sərvət “Nəhəcir dağı” – fəsahətli rəngkarın bədii yaradıcılığında öz layiqli yerini tapıb. Kompozisiyada nazlı buludlarla çevrələnən qocaman Nəhəcir dağını görürük. Sanki İlahi güclə boyanan bu təbiət lövhəsi igidlər yurdunun, qıy vuran qartallar diyarının bədii simvoluna çevrilib.
Qarlı zirvələrlə müjdələnən Kəmki dağı da Əli Səfərovun fırçasından yan keçməyib. Zirvəsi buludu ötən bu Ordubad dağının cah-calallı görkəmində Tanrının səxavətli nəfəsi hiss olunur…
Ən ülvi duyğularını kənd mənzərələri ilə tərənnüm edən rəssamın gözəllik mənbəyi həmin peyzajlarında gizlənir, sirrə çevrilir. Belə peyzajlardan biri də “Parağaçay” əsəridir. Qırmızı kirəmitlə örtülmüş evlərin, hər təpəsini, döşünü günəşin yaladığı xoş mənzərəsini kövrək bir ruhla icra edən rəssamın rəng duyumu təqdirəlayiqdir.
Burma-burma yolların tuşlandığı digər ecazkar peyzajın ismi “Biləv”dir. Cürbəcür ağacların bizi qarşıladığı Biləv kəndini rəssam sanki əfsanələrdən qoparıb, bizlər üçün “pay” gətirib. Küləyin belə tellərini daramağa çəkindiyi bu mənzərənin həzinliyi, lirik ovqatı göz oxşayır.
Örpəyə bənzəyən yamacı, yalı ilk baxışdan ruhu məst edən “Qanlıgöl yaylağı” rəssamın ən maraqlı əsərlərindən biridir. İzləyicilərini xəyala daldıran bədii lövhədə rənglərin, çalarların şux rəqsini duymaq mümkündür. Bu axarlı-baxarlı yaylaq təsvirinin hüsnünə söz qoşmaq necə müşkül məsələdir. Buludların səmada, kol-kosun torpağın üzərində cövlan etdiyi bu səhnədə sanki ölməz şairlərin vəsfi kölgələnir.
Bəstəboy qayaların ağuşunda durulub, yuxuya gedən təbiət səhnəsi – “Vayxır gölü” isə sanki rəssam yaradıcılığında bir naxışa çevrilib bərq vurur. Şux rəngli mənzərə səhnəsində cilvələnən, nazlanan buludlar isti təbiətlə bir oyun içərisindədir. Coşqun suların yataq saldığı “Əlincəçay” əsəri isə üfüqdə görünən dağa doğru qıvrılan “şıltaq” çayın güclü koloritlə həll olunmuş təsviridir.
Naxçıvanın təbii möcüzələrindən biri olan mərcan gözlü Batabatını da kətana köçürən Əli Səfərov bu peyzaj ilə həm sənətsevərlərin, həm təbiət vurğunlarının qəlblərindəki simə toxunur. Rəssam suyun lilləndiyi bu torpaqlarda göyərən pöhrələri, kolu, kosu, dinc ağacları məharətlə təsvir edib.
Usta sənətkarın yaradıcılığında bir başqa diqqəti çəkən qiymətli nüans əsərlərində miniatürsayağı ab-havanın olmasıdır. Sənətkarın bu baxımdan yaratdığı “Sabir və zəmanəsi”, “Səttar”, “Nağıllar aləmi”, “Nizami”, “Azərbaycan”, “Doğma diyar”, “Şəhriyar”, “Dahilər diyarı”, “Düşüncə”, “Mirzə Cəlil”, “Dədə Qorqud harayı”, “Füzuli” və digər əsərləri olduqca zəngin kompozisiya düzümü, harmonik rəng seçimi və bədii-estetik baxımdan güclü quruluşları ilə diqqəti cəlb edir.
Rəngkarın yaradıcılığında məişət mövzusuna, süjetli səhnələrə də rast gəlmək mümkündür.
“Bağda (ilk ruzi)” onların içərisində öz səmimi ovqatı ilə seçilən maraqlı əsərlərdən biridir. Nurlu təbiətin bizə sovqatı olan ilk bar rəssamın fırçasından süzülən rənglərlə həmahəngdir. Gözəl bir Azərbaycan xanımı, şərq qadınının zərifliyi müjdələnən ilk “nübar” ilə çox gözəl səsləşir.
Ümumiyyətlə, qadın obrazlarını xüsusi zərifliklə kətana köçürən rəssamın “Qız alma ilə”, “Sudan gələn kuzəli qız”, “Xalçaçı qız” və “İntizar” kimi əsərləri onun gözəllik və fəzilət anlayışının, bədii-estetik zövq meyarının bariz nümunəsidir.
Eyni səmimi ovqata malik daha bir əsər “Çoban iti ilə” isimli kompozisiyasıdır. Sanki yanıqlı bir tütək səsi salamlayır bizi… Dağ döşündə yorğun düşən iti ilə çiçəkləri xalıya bənzəyən yamac üstündə sanki ürəyinin nəğməsini təbiətlə bölüşən gənc çoban obrazı xüsusi plastika ilə, həlim pafosla həll olunub.
Mədəni sərvətimiz olan muğam mövzusu da mahir fırça ustasının zəngin yaradıcılığında günəş tək bərq vurur. “Üçlük” adlanan kompozisiyada muğam dəsgahı ifa olunur. Muğamın avazından, vəhdətindən enerji və hüsn alan rəssamın kompozisiyasına baxdıqca dilə gələn ruhlar bütün ovsunları, tilsimləri anidən özündə izhar edir.
Həm vətən, həm millət, həm də səfalı guşəli dədə-baba ocağı Əli Səfərovun yaradıcılıq kredosunun əsasını təşkil edən, orijinal üslubunu və çoxşaxəli bədii fəaliyyətini özündə ehtiva edən ən önəmli xüsusiyyətlərdir. Ustad rəssama yaradıcılıq yolunda yeni müvəffəqiyyətlər, sənət cığırında sonsuz bədii tapıntılar diləyirik.
Nigar Hətəmova
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi