STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

“NAXÇIVAN – BƏŞƏRİYYƏTİN BEŞİYİ” III BEYNƏLXALQ RƏSM FESTİVALI

“NAXÇIVAN – BƏŞƏRİYYƏTİN BEŞİYİ” II BEYNƏLXALQ RƏSM FESTİVALI

 

  “Naxçıvan - bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Bilik Fondunun dəstəyi ilə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası yarandığı vaxtdan bu günə kimi mədəniyyət, incəsənət, o cümlədən təsviri sənət böyük inkişaf yolu keçmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə milli mədəniyyətin və təsviri sənətin inkişafında yeni mərhələ başlanmış, incəsənətin inkişafına dövlət qayğısı artmış, yaradıcılıq prosesi geniş vüsət almışdır. Azərbaycan təsviri sənətinin böyük inkişaf yolu keçməsinə diqqəti cəlb edən ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan rəngkarlıq, təsviri sənət məktəbi dünyada layiqli yer tutmuşdur. Tarixən qısa vaxtda Azərbaycanda gözəl, güclü təsviri sənət məktəbi, rəngkarlıq məktəbi təşəkkül taparaq yaranmışdır”.

  Naxçıvan Muxtar Respublikasında rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görülmüşdür. Belə ki, Azərbaycanın ilk realist rəssamı, professional dəzgah boyakarlığının banisi Bəhruz Kəngərli muzeyi yaradılmış, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonu təşkil edilmiş, Naxçıvan Dövlət Universitetində təsviri incəsənət və rəsmxətt, Naxçıvan Müəllimlər İnstitutunda isə təsviri incəsənət müəllimliyi ixtisasları açılmışdır. Heydər Əliyev Uşaq-Gənclər və Estetik Tərbiyə mərkəzində, Ərtoğrol Cavid adına Musiqi və Bədii Sənətkarlıq məktəbində gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılmışdır. Bununla yanaşı muxtar respublikada Naxçıvan Dövlət Rəsm Qalareyası, 10 məktəbdənkənar müəssisədə və uşaq incəsənət məktəbində rəsm dərnəkləri fəaliyyət göstərir.

  Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, o cümlədən muxtar respublikada yaşayıb – yaradan rəssamların yaradıcılıq imkanlarının artırılması, onlar üçün münasib şəraitin yaradılması da diqqətdə saxlanılmış, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üçün yeni bina istifadəyə verilmişdir. Muxtar respublikada rəssamların çalışdığı köhnə emalatxanalar yeni emalatxanalarla əvəzlənmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 23 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illik yubileyinin keçirilməsi muxtar respublikada rəssamlıq sənətinə göstərilən dövlət qayğısının əyani təzahürdür.

  2016-cı il may ayının 25-də, festivala gələn rəssamların iştirakı ilə Naxçıvan şəhərində B.Kəngərli adına Rəssamlar parkının istifadəyə verilməsi və burada görkəmli rəssamın abidəsinin ucaldılması B.Kəngərli irsinə göstərilən diqqətin, muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin daha bir ifadəsidir.

  Rəssamların fərdi sərgilərinin açılması, Azərbaycan boyakarlıq sənətinin klassik və müasir nümayəndələrinin albom-kataloqlarının hazırlanıb nəşr etdirilməsi Naxçıvan Muxtar Respublikasında təsviri sənətin səviyyəsini, yaradıcılıq axtarışlarının istiqamətlərini müəyyənləşdirən mühüm amillərdəndir.

  Qədim Naxçıvan böyük quruculuq meydanına çevrilib. Bu gün həyata keçirilən quruculuq nümunələri gələcək üçün böyük tarixdir. Bu tarix təkcə mütəxəssis tədqiqatlarının deyil, eləcə də yaradıcı insanların əsərlərində də gələcək nəsillərə çatdırılır. Naxçıvan Muxtar Respublikasında “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının keçirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

  Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsində keçirilən festival iştirakçılarına ulu diyardan aldıqları təssuratı bütün təravəti ilə ifadə etməyə imkan vermişdir. Yerli və xarici ölkələrin fırça ustaları əsərlərində Naxçıvanın milli dəyərlərini, Naxçıvan haqqında bilavasitə özlərinin müşahidə etdiklərini və oxuyub eşitdiklərini həm real, həm də obrazlı şəkildə əks etdirə bilmişlər.

  Rəssamların yaratdıqları “Haça dağ”, “Qalaya aparan yol”, “İnan ki dağdır”, “Əlincə qalası”, “Nağıllar diyarı”, “Sevgi”, “Naxçıvan dağları”, “Cənubdan görüntü”, “Nəimi”, “Günəşli gün”, “Naxçıvanda bayram” və digər əsərlər milli dəyərlərimizi əks etdirməklə kifayət qədər düşündürücü və yaddaqalandır.

 

Qalereya