STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 95-ci İLDONÜMÜNƏ HƏSR OLUNMUŞ “NAXÇIVAN-BƏŞƏRİYYƏTİN BEŞİYİ” IV BEYNƏLXALQ RƏSM FESTİVALI

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 95-ci İLDONÜMÜNƏ HƏSR OLUNMUŞ “NAXÇIVAN-BƏŞƏRİYYƏTİN BEŞİYİ” IV BEYNƏLXALQ RƏSM FESTİVALI

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildonümünə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası yarandığı vaxtdan bu günə kimi mədəniyyət, incəsənət, o cümlədən təsviri sənət böyük inkişaf yolu keçmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə milli mədəniyyətin və təsviri sənətin inkişafında yeni mərhələ başlanmış, incəsənətin inkişafına dövlət qayğısı artmış, yaradıcılıq prosesi geniş vüsət almışdır. Azərbaycan təsviri sənətinin böyük inkişaf yolu keçməsinə diqqəti cəlb edən ümummilli lider  Heydər Əliyev deyirdi: “Azərbaycan rəngkarlıq, təsviri sənət məktəbi dünyada layiqli yer tutmuşdur. Tarixən qısa bir vaxtda Azərbaycanda gözəl, güclü təsviri sənət məktəbi, rəngkarlıq məktəbi təşəkkül taparaq yaranmışdır.”

            Naxçıvan Muxtar Respublikasında rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görülmüşdür. Belə ki, Azərbaycanın ilk realist rəssamı, professional dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin muzeyi yaradılmış,Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonu təşkil edilmiş, Naxçıvan Dövlət Universitetində təsviri incəsənət və rəsmxət, rəngkarlıq, Naxçıvan Müəllimlər İnstitutunda isə təsviri incəsənət müəllimliyi ixtisasları açılmışdır. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Ərtoğrol Cavid adına Musiqi və Bədii Sənətkarlıq və Şərur şəhərindəki Bəhruz Kəngərli adına İncəsənət məktəblərində gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılmışdır. Bununla yanaşı muxtar respublikada Naxçıvan Dövlət Rəsm Qalereyası,10 məktəbdənkənar müəssisədə və 3 uşaq incəsənət məktəbində rəsm dərnəkləri fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, o cümlədən muxtar respublikada yaşayıb-yaradan rəssamların yaradıcılıq imkanlarının artırılması, onlar üçün münasib şəraitin yaradılması da diqqətdə saxlanılmış, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üçün yeni bina istifadəyə verilmişdir. Muxtar respublikada rəssamların çalışdığı köhnə emalatxanalar yeni emalatxanalarla əvəzlənmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 23 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illik yubileyinin keçirilməsi muxtar respublikada rəssamlıq sənətinə göstərilən dövlət qayğısının əyani təzahürüdür. 2016-cı il may ayının 25-də Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının istifadəyə verilməsi və burada görkəmli rəssamın abidəsinin ucaldılması da muxtar respublikada rəssamlıq sənətinə göstərilən qayğının ifadəsidir.

 

            2012-ci ildən keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalı, rəssamların fərdi sərgilərinin açılması, Azərbaycan boyakarlıq sənətinin klassik və müasir nümayəndələrinin albom-kataloqlarının hazırlanıb nəşr etdirilməsi Naxçıvan Muxtar Respublikasında təsviri sənətin səviyyəsini yaradıcılıq axtarışlarının istiqamətlərini müəyyənləşdirən mühüm amillərdəndir.

            Qədim Naxçıvan bu gün böyük quruculuq meydanına çevrilib. Burada həyata keçirilən quruculuq, abadlıq nümunələri gələcək üçün böyük tarixdir. Bu tarix təkcə mütəxəssis tədqiqatların deyil, eləcə də yaradıcı insanların əsərlərində də gələcək nəsillərə çatdırılır. Naxçıvan Muxtar Respublikasında “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının keçirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

            Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında keçirilən festival iştirakçılara ulu diyardan aldıqları təəsüratı bütün təravəti ilə ifadə etməyə imkan ver­mişdir. Yerli və xarici ölkələrdən gələn fırça ustaları xalqımıza məxsus milli dəyərləri, Naxçıvanın təbiətini, tarixi abidələrini, 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı olan bu qədim şəhəri öz əsərlərində obrazlı şəkildə əks etdirə bilmişlər. Rəssamların yaratdıqları “Quş uçuşundan Möminə Xatın”, “İslama doğru”, “Əlincəqala”, “Çiçəklənən qliçanya”, “Dostluq”, “Nuh əfsanəsi”, “Qarabağ”, “Naxçıvanda”, “Nuh türbəsi”, “Qədim diyara səyahət”, “Beynəlxalq Festival”, “Açıq Səma Altında Muzey”, “Naxçıvana baxış”, “İslam Mədəniyyətin Paytaxtı” ,” Qədim diyar”, “Haça dağ”, “Dali sayağı Naxçıvan”, “Çiçəklər içində Naxçıvan” , “Tarixin izləri”, “Qarabağlar türbəsi”, “Naxçıvan xanlığı” və digər əsərlər milli dəyərlərimizi əks etdirməklə yanaşı kifayət qədər düşündürücü və yaddaqalandır.

Qalereya