STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Naxçıvan Rəssamlar Birliyində milli adət-ənənələrimizi, xalqımızın zəngin mədəni irsini özündə əks etdirən, Novruz Bayramı münasibətilə “Bayram ruhu: Novruzum” adlı möhtəşəm sərgi-konsert təşkil olunmuşdur.
Tədbir başlamazdan öncə Ümummilli lider Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Açılış mərasimində Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həməzyeva çıxış edərək sərginin ideya məzmunu, milli dəyərlərimizin təbliğində bu cür tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat vermiş, iştirakçıları və qonaqları bayram münasibətilə səmimi qəlbdən təbrik etmişdir.
Daha sonra Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov,
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin Naxçıvan Muxtar Respublikası idaresinin direktoru Arzu İsgəndərova, Naxçıvandakı Türkiyə Respublikasının konsul müavini Ayşe Şengül Yıldırım, Qərbi Azərbaycan İcmasının Naxçıvan MR üzrə nümayəndəliyinin koordinatoru, filologiya üzrə fəlsəfə doktoru Süsənbər Ağamalıyeva və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı Cavid İsmayılov çıxış edərək tədbirin mədəni və mənəvi əhəmiyyətindən bəhs etmiş, bu cür layihələrin gənc nəslin milli ruhda tərbiyəsində xüsusi rol oynadığını vurğulamışlar.
Çıxışlardan sonra aparıcı İsmayıl Mirzəcanov tərəfindən konsert proqramı elan olunmuşdur. Səhnəyə dəvət olunan klassik gitara ifaçısı, eyni zamanda həkim-hematoloq Məmmədəli Həsənov öz zərif və duyğulu ifası ilə dinləyiciləri sehrləmiş, həzin musiqi sədaları altında tədbirə xüsusi ovqat qatmışdır. Onun repertuarında İspaniya, Latın Amerikası və Portuqaliya musiqilərinin seçmə nümunələri yer alaraq tədbirə rəngarənglik bəxş etmişdir.
Konsert proqramı çərçivəsində həmçinin İlknur Əlizadə tərəfindən görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Baharımsan” əsərinin tarda ifası dinlənilmiş, bu ifa tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Tədbirin yekununda Naxçıvan Rəssamlar Birliyinin üzvlərinin və gənc rəssamların iştirakı ilə təşkil olunan tematik sərgiyə baxış keçirilmişdir. Sərgidə ümumilikdə 24 rəssamın 40-dan artıq əsəri nümayiş olunmuş, hər bir əsərdə Novruzun təravəti, baharın oyanışı və milli ruhun incə çalarları öz əksini tapmışdır.
“Bayram ruhu: Novruzum” sərgi-konserti milli dəyərlərimizin yaşadılması, incəsənətin inkişafı və cəmiyyətimizdə estetik zövqün formalaşdırılması baxımından yaddaqalan mədəni hadisə kimi yadda qalmışdır.
Qeyd: Sərgidə öncədən keçirdiyimiz "Hər birimiz Qərbi Azərbaycanlıyıq " onlayn sərgisinin təşəkkürnamələri rəssamlara təqdim olunub.
01-04-2026 15:50